72 yaşlı Kirəç Muğanlı kənd sakini Humay Hacıyeva 17 ildir ki, 3
övladını böyütmək üçün işləyir.
O, gənc yaşlarında həyat yoldaşını itirdiyi üçün 3 azyaşlı övladını
tək böyütməli olub və gənc yaşlarından işləmək məcburiyyətində
qalıb. Humayın sözlərinə görə, nəvələri dünyaya gəldikdən sonra
daha da çox işləməli olub. O, illərdir Azərbaycan-Gürcüstan
sərhədində süd məhsulları və ərzaq satır, ailəsinin gündəlik
ehtiyacını ödəyirmiş. Pandemiya səbəbindən hər iki ölkənin
sərhədləri bağlanıqdan sonra onun üçün çətin günlər başlayıb. Humay
həyatının 17 ilində ilk dəfə işsiz qaldığını və evdə bu qədər çox
vaxt keçirdiyini deyir.
O, hər gün Azərbaycan ərazisinə keçərək məhsullarını orada
satırmış. Buna görə də sərhədlərin bağlanması onun məhsullarının
Azərbaycanda qalmasına səbəb olub. Satmaq məqsədi ilə aldığı ərzaq
məhsulları isə evində qalıb və bir qismi xarab olub.
“Səhər tezdən sərhəddə gəldim, mallarımı da gəirib
gəldim. Burada tanışlar var idi mənə dedilər sərhəd bağlıdır.
Sərhədin bağlı olduğuna inanmırdım. Məhsulumu da geri gətiridim,
100 manatlıq malım qaldı. Gaytardım o da xarab oldu, sata bilmədim.
Sərhəddin açılmasını istəyirəm. Evdə dura bilmirəm, işimə gayıtmaq
istəyirəm. Mənə çətin deyildi, yağışda, qarda mənə çətin deyildi
işləmək.”
Yaşı 70-dən artıq olduğu üçün onun evdən çölə çıxması da qadağan
olunub. Həmin günləri xatırlayan Humay deyir ki, xəstəlikdən qorxub
və əkdiyi ağaclara baxmaq üçün bağa da gedə bilməyib.
“Mən yola çıxanda bildim ki, koronadır evə geri gəldim.
Sərhəddən keçə bilmirəm, çətindir. İşləmək istəyirəm. Sərhəd
bağlandı malım da, pulum da hamısı orada qaldı. Korona zamanı başqa
kənddə bacım yaşayır, yas məraqsimləri var idi, kənddə qohumlarım
var heç bir yerə gedə bilmədim.”
O, işsiz günlərdə vaxtını keçirmək üçün bir müddət əkinçiliklə
məşğul olub, ağaclar əkib. Humay deyir ki, yaz fəslində məşğuliyyət
tapmaq asan idi, amma qışda bütün gün evdə oturub, vaxtın keçməsini
gözləmək çətin olub. Nənəsindən öyrəndiyi toxuculuq işlərinə
başlayaraq o, oğluna, nəvəsinə iplər aldırıb və nəvə-nəticələri
üçün corablar, jiletlər toxumağa başlayıb.
“Oğluma, nəvəmə ip aldırıb corablar toxumağa başladım. Başımı
qatmaq üçün əkinçiliklə məşğul oldum, toyuq-cücə saxlamağa
başladım. İndi qışdır, çətindir. Darıxıram, elə hörgü ilə başımı
qatıram. Səhər saat 10-dan axşama kimi hörgü ilə məşğul
oluram.”
Humay indi ailəsi ilə vaxt keçirir və sərhədlərin tezliklə
açılmasını gözləyir. Pandemiyaya görə sərhədlərin bağlanması
nəticəsində Humay kimi bir çox insanlar aylardır ki, işsiz
qalıblar.