Pandemiyaya görə işini itirən 72 yaşlı Humay, sərhədlərin açılmasını gözləyir
72 yaşlı Kirəç Muğanlı kənd sakini Humay Hacıyeva 17 ildir ki, 3 övladını böyütmək üçün işləyir.

O, gənc yaşlarında həyat yoldaşını itirdiyi üçün 3 azyaşlı övladını tək böyütməli olub və gənc yaşlarından işləmək məcburiyyətində qalıb. Humayın sözlərinə görə, nəvələri dünyaya gəldikdən sonra daha da çox işləməli olub. O, illərdir Azərbaycan-Gürcüstan sərhədində süd məhsulları və ərzaq satır, ailəsinin gündəlik ehtiyacını ödəyirmiş. Pandemiya səbəbindən hər iki ölkənin sərhədləri bağlanıqdan sonra onun üçün çətin günlər başlayıb. Humay həyatının 17 ilində ilk dəfə işsiz qaldığını və evdə bu qədər çox vaxt keçirdiyini deyir.

O, hər gün Azərbaycan ərazisinə keçərək məhsullarını orada satırmış. Buna görə də sərhədlərin bağlanması onun məhsullarının Azərbaycanda qalmasına səbəb olub. Satmaq məqsədi ilə aldığı ərzaq məhsulları isə evində qalıb və bir qismi xarab olub.

“Səhər tezdən sərhəddə gəldim, mallarımı da gəirib gəldim. Burada tanışlar var idi mənə dedilər sərhəd bağlıdır. Sərhədin bağlı olduğuna inanmırdım. Məhsulumu da geri gətiridim, 100 manatlıq malım qaldı. Gaytardım o da xarab oldu, sata bilmədim. Sərhəddin açılmasını istəyirəm. Evdə dura bilmirəm, işimə gayıtmaq istəyirəm. Mənə çətin deyildi, yağışda, qarda mənə çətin deyildi işləmək.”

Yaşı 70-dən artıq olduğu üçün onun evdən çölə çıxması da qadağan olunub. Həmin günləri xatırlayan Humay deyir ki, xəstəlikdən qorxub və əkdiyi ağaclara baxmaq üçün bağa da gedə bilməyib.

“Mən yola çıxanda bildim ki, koronadır evə geri gəldim. Sərhəddən keçə bilmirəm, çətindir. İşləmək istəyirəm. Sərhəd bağlandı malım da, pulum da hamısı orada qaldı. Korona zamanı başqa kənddə bacım yaşayır, yas məraqsimləri var idi, kənddə qohumlarım var heç bir yerə gedə bilmədim.”

O, işsiz günlərdə vaxtını keçirmək üçün bir müddət əkinçiliklə məşğul olub, ağaclar əkib. Humay deyir ki, yaz fəslində məşğuliyyət tapmaq asan idi, amma qışda bütün gün evdə oturub, vaxtın keçməsini gözləmək çətin olub. Nənəsindən öyrəndiyi toxuculuq işlərinə başlayaraq o, oğluna, nəvəsinə iplər aldırıb və nəvə-nəticələri üçün corablar, jiletlər toxumağa başlayıb.

“Oğluma, nəvəmə ip aldırıb corablar toxumağa başladım. Başımı qatmaq üçün əkinçiliklə məşğul oldum, toyuq-cücə saxlamağa başladım. İndi qışdır, çətindir. Darıxıram, elə hörgü ilə başımı qatıram. Səhər saat 10-dan axşama kimi hörgü ilə məşğul oluram.”


Humay indi ailəsi ilə vaxt keçirir və sərhədlərin tezliklə açılmasını gözləyir. Pandemiyaya görə sərhədlərin bağlanması nəticəsində Humay kimi bir çox insanlar aylardır ki, işsiz qalıblar.

"Marneuli" Radiosu
Print