Sərhədlərin bağlı olmasına görə maşın hissələri tapılmır və təmir etmək çətinləşir
Candar kənd sakini 18 yaşlı Altun Mustafayev çilingərdir və kirayəyə götürdüyü obyektdə avtomobillərin təmiri ilə məşğul olur. O, pandemiya dövründə Marneulinin bağlanmasından sonra işlərinin zəif olmasından şikayətlənir. “Marneuli” radiosu ilə söhbəti zamanı Mustafayev bildirdi ki, dövlət tərəfindən ayrılan yardımdan da faydalana bilməyib.

“Karantindən əvvəl işlərimiz çox yaxşı irəliləyirdi. Karantin oldu və işlər bağlandı, bütün dünya, Marneuli işsizliyə, səssizliyə büründü. İmkansızlıq baş alıb gedirdi. Bir az dövlət kömək edirdi. Bu da elə böyük bir yardım deyildi. Hər kəs geri düşdü, irəliləyiş olmadı. Aktivlik olmadı. Çox insan yardımdan yararlana bilmədi. Hökumət sadəcə bir vaxt kömək etdi və çox insan bu yardımdan faydalana bilmədi, eləcə də mən.”

Gənc avtomobil ustasının sözlərinə görə, Marneuli açıldıqdan sonra da onlar bir çox müştərilərini itiriblər, heç nə əvvəlki kimi olmayıb. Bu gün Tbilisidə obyektlərin bağlı olması isə onlara xüsusi çətinliklər yaradıb.

“Karantin aradan götürüləndən sonra işlər zəif oldu, demək olar ki, heç iş olmadı. Əlbəttə, müştəri gələndə onun xidmətində olmaq bizim borcumuzdur. Biz xidmət göstərməyəndə müştəri gedir. Bizim tələbimiz odur ki, əvvəlki kimi yollar açıq olsun, əvvəlki vəziyyətə qayıdaq. Hazırda Tbilisi bağlıdır. İndi yeni maşınlar alınır hansı ki, onların ehtiyat hissələri burada yoxdur və biz onları Tbilisidən almalıyıq. Burada olan köhnə maşınların da ehtiyat hissələri tükənib, yollar bağlıdır, almaq olmur. İmkan olduğu qədər açıq olan mağazalardan materiallar gətizdirib yığırıq. Vəziyyət çətindir. Obyektimizi kirayəyə götürmüşük və iki aydır ki, ödəniş də etməmişik, bu çətindir. Biz istəyirik ki, hər şey əvvəlki kimi olsun.”

Marneuli bələdiyyəsi 56 gün müddətində bağlı qaldı. Həmin dövr ərzində bir sıra obyektlər də bağlanıldı. Bu isə insanların maddi vəziyyətinin pisləşməsinə səbəb oldu.

Print Email
FaceBook Twitter Google