Candar kənd sakini 18 yaşlı Altun Mustafayev çilingərdir və
kirayəyə götürdüyü obyektdə avtomobillərin təmiri ilə məşğul olur.
O, pandemiya dövründə Marneulinin bağlanmasından sonra işlərinin
zəif olmasından şikayətlənir.
“Marneuli” radiosu ilə söhbəti zamanı Mustafayev bildirdi ki,
dövlət tərəfindən ayrılan yardımdan da faydalana bilməyib.
“Karantindən əvvəl işlərimiz çox yaxşı irəliləyirdi.
Karantin oldu və işlər bağlandı, bütün dünya, Marneuli işsizliyə,
səssizliyə büründü. İmkansızlıq baş alıb gedirdi. Bir az dövlət
kömək edirdi. Bu da elə böyük bir yardım deyildi. Hər kəs geri
düşdü, irəliləyiş olmadı. Aktivlik olmadı. Çox insan yardımdan
yararlana bilmədi. Hökumət sadəcə bir vaxt kömək etdi və çox insan
bu yardımdan faydalana bilmədi, eləcə də
mən.”
Gənc avtomobil ustasının sözlərinə görə, Marneuli açıldıqdan sonra
da onlar bir çox müştərilərini itiriblər, heç nə əvvəlki kimi
olmayıb. Bu gün Tbilisidə obyektlərin bağlı olması isə onlara
xüsusi çətinliklər yaradıb.
“Karantin aradan götürüləndən sonra işlər zəif oldu,
demək olar ki, heç iş olmadı. Əlbəttə, müştəri gələndə onun
xidmətində olmaq bizim borcumuzdur. Biz xidmət göstərməyəndə
müştəri gedir. Bizim tələbimiz odur ki, əvvəlki kimi yollar açıq
olsun, əvvəlki vəziyyətə qayıdaq. Hazırda Tbilisi bağlıdır. İndi
yeni maşınlar alınır hansı ki, onların ehtiyat hissələri burada
yoxdur və biz onları Tbilisidən almalıyıq. Burada olan köhnə
maşınların da ehtiyat hissələri tükənib, yollar bağlıdır, almaq
olmur. İmkan olduğu qədər açıq olan mağazalardan materiallar
gətizdirib yığırıq. Vəziyyət çətindir. Obyektimizi kirayəyə
götürmüşük və iki aydır ki, ödəniş də etməmişik, bu çətindir. Biz
istəyirik ki, hər şey əvvəlki kimi olsun.”
Marneuli bələdiyyəsi 56 gün müddətində bağlı qaldı. Həmin dövr
ərzində bir sıra obyektlər də bağlanıldı. Bu isə insanların maddi
vəziyyətinin pisləşməsinə səbəb oldu.