Qadınların və fiziki imkanları məhdudiyyətli şəxslərin iştirak etmədiyi seçkiqabağı görüşlər
“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” tərəfindən aparılan seçkiqabağı kampaniyanın monitorinqinin nəticələrinə görə, fiziki imkanları məhdud şəxslər siyasi subyektlərin görüşlərində iştirak edə bilməyiblər və siyasi subyektlər Marneulidə əhali ilə keçirdikləri görüşlər zamanı fiziki imkanları məhdud şəxslərin problem və ehtiyacları barədə söhbət açmayıblar.

Hesabata görə, Marneulidə seçkiqabağı görüşlərdə qadınların iştirakı məsələsi hələ də problem olaraq qalır. “Gürcü Arzusu”-nun keçirdiyi 27 ictimai görüşdən təxminən 9-da heç bir qadın iştirak etməyib. “Vahid Milli Hərəkat”ın keçirdiyi 35 ictimai görüşdən 18-də qadınlar təmsil olunmayıb. “Lelo”-nun Marneulidə keçirdiyi 12 seçkiqabağı görüşdən isə 8-də qadınlar iştirak etməyib. “Leyboristlər partiyası” isə 3 ictimai görüş keçirib və heç birində qadın olmayıb. “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin rəhbəri Rəşan Ziyadəliyevin bildirdiyinə görə, “Avropalı Gürcüstan” keçirdiyi görüşlərdə onların iştirak etməsinə icazə verməyib.

Seçkiqabağı keçirilmiş görüşlər ümumiyyətlə fiziki imkanları məhdud şəxslər üçün adaptasiya olunmamışdı. Fiziki imkanları məhdud şəxslər yalnız və yalnız “Gürcü Arzusu”-nun iki görüşündə iştirak ediblər. Siyasi partiya nümayəndələri görüşlərdə fiziki imkanları məhdud şəxslərin problem və ehtiyaclarından söhbət açmırdılar. Səthi və ümumi şəkildə qeyd edirdilər ki, qadınların siyasi proseslərdə gücləndirilməsi vacibdir və s. Ancaq göründüyü kimi bu yalnız səthi söhbət idi”, – Rəşan Ziyadəliyev bildirdi.

Ziyadəliyevin sözlərinə görə, siyasi partiyaların fiziki imkanları məhdud şəxslər, qadın problemləri və qadınların siyasi tədbirlərdə iştirakı barədə konkret planları yox idi.

Gender üzrə mütəxəssis Nona Samxaradzenin sözlərinə görə, qadınların siyasi həyatda iştirakını gücləndirmək üçün Gürcüstan qanunvericiliyində müsbət dəyişikliklər həyata keçirildi. 2021-ci ilin yerli özünüidarə seçkilərində partiya siyahısı ilə hər ikinci namizəd fərqli cinsin nümayəndəsi olmalıdır, ancaq Nona hesab edir ki, qadınlar özləri fəallaşmalı və siyasətdə iştirak etmək istəklərini irəli sürməlidirlər.

“İki təsvirimiz var. Biri odur ki, qadınlar seçkiqabağı görüşlərə süni şəkildə qoşulublar, çünki fotolar çəksinlər və göstərsinlər ki, baxın, qadınlarla da görüşürük. İkinci halda ümumiyyətlə qadınlarla görüşmürlər və kəndin yaşlıları, kişiləri ilə görüşürlər. Partiyalardan soruşanda ki, niyə belə edirlər, niyə qadınlarla görüşmürlər, onlar deyir ki, qadınlar özləri istəmir və gəlmirlər. Başa düşürəm ki, çox stereotiplər var, ancaq gender siyasəti də məhz budur. Sən bunların hamısına passiv şəkildə baxmamalısan və deməməlisən ki, sadəcə qadınlar görüşə gəlmir. Sənin etirazın varsa, siyasət həyata keçirirsənsə, o zaman əhalinin qadınlardan ibarət olan minimum 51%-ni təbliğata qoşmalısan və səsini onlara da çatdırmalısan
”, –
Nona Samxaradze bildirdi.

Qadınlar kimi fiziki imkanları məhdud şəxslər də Marneulinin siyasi həyatına fəal qoşulmayıblar. Görmə Qüsurlular Birliyinin üzvü və görmə qüsurluların Marneuli bələdiyyəsindəki kuratoru Surik Çiçyan bildirdi ki, fiziki imkanları məhdud şəxslər siyasi həyatla maraqlanırlar, çünki onlarla bağlı qərarlar tez-tez fiziki imkanları məhdud şəxslərdən kənar qəbul edilir.

Açığını deyim, mən gözləyirdim ki, bir dəfə də olsa, mənə zəng vuracaqlar və deyəcəklər ki, “Gürcü Arzusu” və ya başqa partiya ilə görüş keçirilir, fiziki imkanları məhdud şəxs də iştirak edərsə, sevinərik. Ancaq zəng vurmadılar. Mənim fikrimcə fiziki imkanları məhdud şəxsləri ona görə görüşlərə çağırmayıblar ki, onlar öz tələblərini, təkliflərini irəli sürəcəkdi. Bundan sonra partiya nümayəndələri vəd verməli olacaqdı. Məncə partiyalar bu məqamdan çəkiniblər ki, nə vəd verməsinlər, nə də sonradan həmin şəxs vədinin yerinə yetirilməsini tələb etməsin”, – Surik Çiçyan bildirib.

Surik Çiçiyan bələdiyyənin fiziki imkanları məhdud şəxslər şurasının üzvüdür. Seçkiqabağı dövrdə şuranın iclasları keçirilməyib. Çiçyanın fikrincə, yaxşı olardı ki, fiziki imkanları məhdud şəxslər şurası toplanardı və onlarla siyasi partiya nümayəndələrinin görüşləri keçirilərdi.

Marneulidə 2020-ci il Parlament seçkilərində proporsional sistemlə “Gürcü Arzusu” ən çox səs qazandı. “Gürcü Arzusu”-ndan sonra “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları ən çox səs toplayıb. VMH-ın Marneuli rayon təşkilatının sədri Aqil Mustafayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, partiyanın görüşlərinin əksəriyyətində qadınlar iştirak edirdi, ancaq öz iştiraklarının səsləndirilməsi və fotoların çəkilməsini istəməyiblər. Mustafayev bildirdi ki, fiziki imkanları məhdud şəxslərlə bağlı seçkiqabağı kampaniya keçirməyiblər.

Baxmayaraq ki, “Avropalı Gürcüstan” partiyası “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nə seçkiqabağı görüşlərin monitorinqini aparmaq imkanı verməyib, partiyanın Marneuli Rayon Təşkilatının sədri Əhməd İmamquliyev bildirdi ki, onların görüşlərində qadınlar da, fiziki imkanları məhdud şəxslər də iştirak edirdilər. “Gürcü Arzusu”-nun üzvü, Marneuli və Qardabanidən majoritar deputat Zaur Darğallı “Marneuli” radiosunun zənglərinə cavab vermir.

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” seçkiqabağı kampaniyanın monitorinqini 2020-ci ilin 1 avqust tarixindən 30 oktyabr tarixində olan dövrdə həyata keçirib.
Print Email
FaceBook Twitter Google