Daştəpə kəndində yüksək cərəyana görə 40-yaxın ailənin məişət texnikası sıradan çıxıb
Marneuli bələdiyyəsinin Daştəpə kənd sakinlərinin bir qisminin məişət texnikası yüksək cərəyana görə sıradan çıxıb.

Yerli sakinlər bildirir ki, artıq beş gündür ki, transfotmatorda baş vermiş qəzaya görə televizor, paltaryuyan maşın, soyuducu və başqa məişət əşyaları sıradan çıxıb. Onların sözlərinə görə, kəndin 40-a yaxın ailəsi bu problemlə qarşılaşıb, əhali kömək gözləyir.



“İşıq keçdi, sonra sanki şimşək çaxır kimi hər şey işıqlandı. Həmin an nə baş verdiyini başa düşmədik, hər şey sıradan çıxdı. Televizor, lampalar, paltaryuyan maşın. Səhər elektrik ustası çağırdıq. Düzəltməyə cəhd etsə də, ilk cəhddə lampalar yenə yandı. Qərara aldıq ki, transformatora baxaq. Oraya artıq çox adam toplaşmışdı. Məlum oldu ki, həmin küçədə bütün evlərdə texnika yanıb. Mərkəzi ofisə zəng vurduq, gəlib baxdılar, faza xətti sıfır xəttinə birləşmişdi. Düzəltdilər və işıq yandı, ancaq hər şeyimiz sıradan çıxıb”, – Zahid Həsənov bildirdi.




“Bizdə çox adamın soyuducusu xarab oldu. Təmirə apardım və 80 lari ödədim, televizoru da təmir etdirdik, böyük zərər gördüm.”

“Hər şey sıradan çıxıb. Kimə müraciət edim, kim kömək edə bilər, bilmirəm. İşığa baxanlara müraciət etdik, heç kim diqqət yetirmədi”,
– Zərqələm Alıpaşayeva bildirdi.

“Bu hadisədən məktəb də zərər gördü. Müşahidə kameraları da, internet qurğuları da, kompüter qidalandırıcı bloklar da sıradan çıxıb. 300-400 lari zərər dəyib, dedilər ki, gələcəklər. Müvəkkil bildirdi ki, ərizə yazın, birlikdə “Energo-Pro”-nun ofisinə gedək”,
– Məmmədəli Qurbanov dedi.

Daştəpə əhalisinə elektrik enerjisini “Energo-Pro Georgia” verir. Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin nümayəndəsi Avto Dvalişvili “Marneuli” radiosuna bildirdi ki, zərərin qarşılanması üçün mütləq əhali onlara ərizə ilə müraciət etməlidir.

“Mütləq şirkətə müraciət etməlidirlər. Qısa zamanda komissiya yaradılacaq və zərərin miqdarını, kimin nə qədər texnikasının sıradan çıxdığını dəqiq müəyyən edəcək. Əgər müəyyən olunsa ki, həqiqətən də işığa görə texnikaya zərər dəyib, bundan sonra abunəçilərlə zərəri hansı formada qarşılamağa üstünlük vermələri ilə bağlı danışıqlara başlanılacaq.”


Marneuli bələdiyyəsinin Daştəpə kəndində yüksək cərəyana görə 18 dekabr tarixində sakinlərin məişət texnikaları sıradan çıxıb.



Print Email
FaceBook Twitter Google