Marneulidə seçkiqabağı təbliğatlarda Qarabağ müharibəsi
Qarabağ müharibəsi 27 sentyabr tarixində bərpa olundu. Həmin vaxt bütün Gürcüstan miqyasında seçkiqabağı kampaniya aparılırdı. Siyasi partiya nümayəndələri əhali ilə görüşür, onları seçkiqabağı proqramları ilə tanış edir və vədlər verirdilər. Gürcüstanın demək olar bütün regionlarında bu baş verirdi , amma Marneuli və Qardabani majoritar dairəsində seçki proqramı ilə yanaşı gündəlikdə qonşu ölkələr arasında gedən müharibə də dururdu.

Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatlığa namizədlər seçicilərlə söhbət zamanı Qarabağ müharibəsində Azərbaycana açıq dəstəklərini bildirirdilər. Bu zaman isə Gürcüstan bu münaqişədə neytral olduğunu elan etmişdi.

Gürcüstan Parlamentinin üzvləri tərəfindən də bəyanatlar verilirdi. Onuncu çağırış Parlamentdə Marneulidən majoritar deputat Ruslan Hacıyev 27 sentyabr tarixində Qarabağ müharibəsi barədə açıq danışmışdı və bildirmişdi ki, əgər münaqişə həll olunmasa, əlinə silah almalı olacaqmış.

“Bu gün Abxaziyanın işğal günüdür. Təəssüfləndirici haldır ki, Gürcüstan da separatizmdən əziyyət çəkən ölkələr arasındadır. Mən inanıram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsinə yol açacaq”, – Ruslan Hacıyev 27 sentyabr tarixində öz “Facebook” səhifəsində yazıb.
Həmin gün Gürcüstan Parlamentinin üzvü, Vahid Milli Hərəkatın nümayəndəsi Azər Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevə açıq məktubla müraciət etmişdi. Süleymanov Azərbaycana dəstək olduğunu bildirmişdi.

{{AUDIO}}

10 oktyabr tarixində Marneulidəki “Ata Holdinq” Mərkəzinin qarşısında Azərbaycana dəstək aksiyası keçirildi. Aksiyada “Yaşasın Azərbaycan”, “Azərbaycan ordusuna eşq olsun”, “Ya Qarabağ ya ölüm”, “Abxaziya, Osetiya bizimdir”, “Azərbaycan əsgərlərinə eşq olsun” şüarları səsləndirilmişdi. Bir-birinə qarşı çıxan partiyalar və namizədlər həmin gün birləşdi və aksiyada birgə iştirak etdilər. Onlar arasında “Gürcü Arzusundan” Zaur Darğallı, “Avropalı Gürcüstandan” Əhməd İmamquliyev, “Lelodan” Murad Muradov, “Vahid Milli Hərəkatdan” Azər Süleymanov və “Leyboristlər partiyasından” Əli Bədirov da var idi. Müxalifət partiyalarından fərqli olaraq “Gürcü Arzusu”-nun namizədi Zaur Darğallı açıq şəkildə öz mövqeyini qeyd etməmişdi.

Zaman keçdikcə Qarabağ müharibəsində Azərbaycanın üstünlüyü artırdı. 8 noyabr tarixində Azərbaycan strateji şəhəri – Şuşanı nəzarətə götürdü. Şuşanın alınması ilə bağlı dünyanın müxtəlif guşələrində aksiyalar başladı. Etnik Azərbaycanlılar artıq qələbəni qeyd edirdilər. Marneulidə Şuşanın alınmasını qeyd etmək üçün mərasim keçirildi. Mərasimdə artıq seçilmiş majoritar deputat Zaur Darğallı da iştirak edirdi. Darğallı Qarabağ müharibəsi haqda mediada açıq danışmırdı, amma bu aksiyada o çıxış etdi. Aksiyada iştirak edən media vasitələri Darğallının çıxışını çəkmədilər. Ancaq sonradan internetdə videolar yayımlandı və orada Darğallı əhalini Şuşanın alınması münasibətilə təbrik edirdi. Ancaq sonradan həmin videolar da silindi. Zaur Darğallının həmin tədbirdə iştirakını təsdiq edən məlumatı Azərbaycan Diaspora Agentliyi yayımladı.
აზერბაიჯანის დიასპორის სააგენტოს მიერ გამოქვეყნებული მასალა
Qeyri-hökumət təşkilatları Gürcüstan siyasətçilərinin və Parlament deputatlığına namizədlərin Qarabağ müharibəsi ilə bağlı bəyanatlarını Gürcüstanda yaşayan etnik azlıqlardan dəstək almağa cəhd kimi qiymətləndirirlər. Mülki Məşğulluq və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyevin sözlərinə görə, Marneulili siyasətçilər üçün Qarabağ müharibəsi seçkidə qalib gəlmək faktoru olmamalı idi.

“İlk növbədə hamı başa düşməlidir ki, biz Gürcüstan vətəndaşıyıq və Azərbaycan-Ermənistan arasında gedən müharibədə bizim dövlətin marağı neytral idi. Gürcüstanda etnik Azərbaycanlılar kimi erməni əhalisi də yaşayır və siyasətçilər tərəfindən seçkidə qalib gəlmək üçün millətdən istifadə edilməməlidir. Əlbəttə, bu mövzuda hər kəsin öz fikri var, ancaq bu seçkilərdə manipulyasiya mövzusuna çevrilməməlidir”, – Rəşan Ziyadəliyev bildirdi.

İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladzenin sözlərinə görə, Kvemo Kartli və Samtsxe Cavaxetidə siyasətçilər tərəfindən Qarabağ müharibəsi mövzusundan istifadə edilməsi Gürcüstanda siyasi proseslərdə olan səhvləri göstərir.

“Artıq neçə ildir ki, Gürcüstan hakimiyyəti Kvemo Kartli və Samtsxe Cavaxetidə yaşayan etnik azlıqlara qonşu ölkələrlə əlaqəli geo-siyasi baxışla yanaşırlar. Onların yerli siyasətə təsiri böyükdür, həmçinin, bəzi hallarda majoritar deputatlığa namizədlərin təqdim olunması Azərbaycan, yaxud Ermənistan hakimiyyəti ilə razılaşdırılır və həmin namizədlərin yerli legimtimasiya ilə seçilməsi az hallarda baş verir. Ona görə də həmin namizədlər də qonşu ölkənin quruluşunda müəyyən səlahiyyətlərini görürlər və müharibə vəziyyətində biz onların bəyanatlarını gördük”, – Tamta Mikeladze dedi.

Mikeladzenin sözlərinə görə, region və paytaxtda keçirilən dəstək aksiyalarına baxmayaraq Gürcüstan Azərbaycanlıları və Gürcüstan erməniləri arasında insidentlər baş verməyib. Bu isə onların özünüdərkinin və özlərini Gürcüstana aid etmələrinin göstəricisidir. Amma buna baxmayaraq, müharibə mövzusu ilə bağlı çox sayda siyasi bəyanat verildi. Mikeladzenin sözlərinə görə, yerli siyasətçilər Qarabağ müharibəsi prosesində mediasiya rolunu həyata keçirməli idilər.

“Gürcüstan hakimiyyətinin cəhdləri məhz Gürcüstanın Azərbaycanlı və erməni siyasətçilərinin, bizim, Gürcüstanda yaşayan Azərbaycanlılar və ermənilərin Gürcüstan vətəndaşı olmasından, qonşu ölkədə baş vermiş müharibənin və siyasi yanaşmanın bizə aid olmamasından danışmasına yönəlməli idi. Neytrallıqla sakitliyi qorumaq bizim ölkə, eləcə də region üçün əhəmiyyətlidir. Təəssüf ki, siyasətçilər bəyantları və yanaşmaları ilə mediasiya funksiyasını yerinə yetirmədilər”, – Tamta Mikeladze bildirdi.

Bərabərlik Siyasəti proqramı rəhbərinin sözlərinə görə, seçkiqabağı proseslərdə Qarabağ müharibəsi mövzusundan səs toplamaq üçün də istifadə olunurdu.
Keçmiş Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Gürcüstan hökumətinin Qarabağ müharibəsində neytrallıq elan etməsini düzgün addım olaraq qiymətləndirir. Onun sözlərinə görə, qonşu ölkələrdə gedən proseslər Gürcüstan ərazisinə keçməməli idi və yerli siyasətçilər Gürcüstanın Qafqaz regionundakı rolunu dərk etməli idilər.

“Münaqişə başlayan zaman Gürcüstan hökuməti tərəflərə danışıqlar aparmaq üçün yer olaraq Tbilisini seçməyi təklif etdi. Ancaq bu onların görə, biləcəyi ən az iş idi. Artıq indi Gürcüstan ilk növbədə Ankara və Bakıya getməlidir, onlar bizim dostumuz və strateji dövlətlərdir. Onlarla danışmalıdır ki, Ermənistanla danışıqlara başlasınlar. Gürcüstan bir tərəfdən Ermənistan digər tərəfdən isə Azərbaycan və Türkiyə arasında vasitəçi rolunu oynamalıdır ki, daxili regional əlaqə yaradaq. Əlbəttə bu Rusiyanın xoşuna gəlməyəcək, amma Türkiyə artıq aşkarcasına, mədəni və sivil şəkildə Azərbyacana girib, eyni dil, eyni mədəniyyət və eyni dinə sahibdirlər. Digər tərəfdən artıq biz Türkiyəni institusional olaraq “NATO” ilə birlikdə qəbul etməliyik. “NATO” aparıcı faktor olmalıdır və Ermənistanla bununla danışmalıyıq ki, o artıq Rusiyadan asılı olmasın
”, – Paata Zakareişvili bildirdi.

44 günlük Qarabağ müharibəsi 10 noyabr tarixində atəşkəs razılaşması əsasında başa çatıb. Buna əsasən Azərbaycan Qarabağın 7 rayonuna və Şuşa şəhərinə nəzarəti ələ keçirib. Qonşu dövlətlərdə müharibə dayanıb, ancaq Gürcüstanda hələ də seçkilərlə bağlı proseslər davam edir.

“Marneuli” radiosu


Print Email
FaceBook Twitter Google