Zaur Darğallının fərqlənən tələbələrin mükafatlandırılması təşəbbüsü həyata keçirilmədi
Marneulinin keçmiş meri Zaur Darğallının fərqlənən tələbələrin mükafatlandırılması təşəbbüsü həyata keçirilmədi.

Yerli özünüidarənin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, uğurlu tələblərin 1000 lari həcmində mükafatlandırılması bu il planlaşdırılmır.

Zaur Darğallı merliyi dövründə ideyasını həyata keçirə bilmədi, ancaq ictimai şəkildə əhaliyə bildirdi ki, 2020-ci ildə 15 nəfər uğurlu tələbəyə hər il yeni il gecəsi 1 000 lari mükafat verilməsi bir növ ənənəyə çevriləcəkdi.

“Seçim meyarları belədir: mütləq akkreditasiyadan keçmiş ali təhsil müəssisəsinin tələbəsi olmalıdır, yüksək akademik iştirak (ən az 91 bal) toplamalıdır. Layihələrdə, müxtəlif konfranslarda iştirak etmiş tələbələrə üstünlük veriləcək. Tələbənin fəal olması motivasiyalardan biridir. Eləcə də motivasiya məktubunun yazılması da vacib olacaq”, – Zaur Darğallı merliyi dövründə 2020-ci ilin gənclər proqramının təqdimatı zamanı bildirmişdi.

Marneuli merinin həyata keçirilməyən təşəbbüsünə heç bir mülki fəal, o cümlədən Nona Samxaradze də etiraz bildirməyib.

“Gürcüstanda özünüidarə institutunun hansı vəziyyətdə olduğu Marneulinin timsalında yaxşı görünür. Son dörd ildir tam layiqli merimiz olmayıb. Təsəvvür edin, bütün seçki maşınları yaradılıb, növbədənkənar seçkilər keçirilir, resurs xərclənir, vədlər verilir, bu vəzifələr üçün vicdanlı, yoxsa vicdansız mübarizədirmi, bilmirəm, o qədər mübarizə aparırıq ki, hansısa demokratik bəndi zəiflətməyə razı qalırıq və deyirik sonra nə olsun. Bir mer 7 aylıq müddətə gəlir, sonuncu merimiz 8 ay müddətində işlədi, bu mübarizə və vədlər yox olur, merin müavini mer olaraq qalır və bizdə faktiki olaraq son dörd ildir belədir. Onu xalq seçməyib, ona görə də özünüidarə ideyası da itdi. Merin müavini özünüidarə siyasətini deyil, daha çox təsərrüfat işlərini həyata keçirir. Bu dairədə fırlanırıq”, – Nona Samxaradze öz “Facebook” səhifəsində yazıb.

Özünüidarə üzrə ekspert Kote Kandelaki hesab edir ki, bələdiyyədə merin siyasətinin davam etdirilməsi olmalıdır. Bunun qayğısına mer səlahiyyətlərini icra edən şəxs və Bələdiyyə Məclisi qalmalıdır.

“Proqramların dayandırılması müxtəlif səbəblərdən yarana bilər. Pandemiyadan da maliyyələrin azalması mümkündür. Başqa prioritetlər yaranıb. Ancaq real olaraq və obyektiv şəkildə desək, onun birinci müavini əgər onun komandasının üzvüdürsə, seçilmiş merin verdiyi vədləri həyata keçirməlidir, siyasətini davam etdirməlidir. Merin götürdüyü öhdəlikləri avtomatik şəkildə ona keçir. Burada Bələdiyyə Məclisi də öz rolunu oynamalıdır və siyasətdən dönülməməlidir. Deyək ki, bu istiqamətdə gələn ilin büdcəsində müəyyən proqramlar nəzərə alınmalıdır.”


Zaur Darğallı son bir il ərzində Marneuli bələdiyyəsinin meri vəzifəsini tuturdu.

"Marneuli" Radiosu
Print