Doqquzuncu çağırış Marneuli seçki dairəsindən Parlamentə majoritar
deputat seçilmiş Tamaz Naveriani Marneuli Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadzenin Marneuli “İdman Məktəbi” ilə bağlı
bəyanatını nankor və kompleksli adamın bəyanatı olaraq
dəyərləndirdi.
Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Amiran Qiorqadze nə özünün, nə də Bələdiyyə Məclisi sədrinin
müavini funksiyasını yerinə yetirmir.
“Bu işdən xəbərsiz olan adamın dəyərləndirməsidir. Öz
funksiyalarını başa düşmür, müavin funksiyalarını da başa düşməyib
və belə bəyanat verib. Hansısa maddə qeyd etsin, nə qanun
pozuntusudur, harada yazılıb ki, Bələdiyyə Məclisinin müavini
hansısa qeyri-kommersiya hüquqi şəxs barədə məlumatı araşdırsın.
Bir də ki, Mamuka Naveriainin qeyd etdikləri ictimaiyyətə
aydındır”, – Tamaz Naveriani bildirdi.
29 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze, müavini Mamuka Naverianini qanun pozuntusunda və
vəzifəsindən sui-istifadə etməkdə ittiham edib.
Qiorqadze 28 dekabr tarixində Mamuka Naverianinin verdiyi bəyanata
da münasibət bildirib. Naveriani bəyanatında Marneuli “İdman
Məktəbinin” büdcəsinin ictimai müzakirəsinə rəy bildirmişdi.
Naverianinin sözlərinə görə, ictimai müzakirə məsələsi idman
məktəbinə qarşı qərəzli və aqressiv olub.
“Qeyd etmək istəyirəm ki, qeyd olunan dinləmədə idman
məktəbinin nümayəndələrinə planlı şəkildə hücum edilmişdi. Onlar
yüksək səslə danışırdılar. Onların imkanı yox idi ki, verilən
sualları cavablandırsınlar və ictimaiyyətə dolğun məlumat
versinlər. Mən düşünürəm ki, Marneuli İdman Məktəbinin yetirmələri
Bələdiyyə Məclisinin sədri tərəfindən belə münasibətə layiq
deyillər”, – Mamuka Naveriani 28 dekabr tarixində
Marneuli televiziyasının efirində bildirmişdi.
Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Amiran Qiorqadzenin onun qardaşı oğlunu qanunu pozmqda ittiham
etməsi hamı üçün gözlənilməz idi.
“Hamı təəccüblənib, ancaq bu nankor və kompleksli
adamın bəyanatıdır. O adamın kompleksləri var və ümumiyyətlə nə
komanda dəyəri, nə də ki, belə hallarda necə hərəkət edəcəyini
bilmir”, – Tamaz Naveriani bildirdi.
Doqquzuncu çağırış Parlamentin majoritar deputatı onu da qeyd etdi
ki, Amiran Qiorqadze başqa şəxslərin tapşırığını yerinə yetirir və
tezliklə onun arxasında kimin durduğu məlum olacaq.
Tamaz Naveriani hesab edir ki, o, və ailəsi Marneulidə idmanın
inkişafına böyük töhfə veriblər. Onun sözlərinə görə, Mamuka
Naveriani məhz buna görə İdman Məktəbi ilə bağlı münasibət
bildirdib. Çünki keçmişdə o, özü həmin qurumun rəhbəri olub.