Bu nankor və kompleksli adamın bəyanatıdır – Tamaz Naveriani Amiran Qiorqadze barədə
Doqquzuncu çağırış Marneuli seçki dairəsindən Parlamentə majoritar deputat seçilmiş Tamaz Naveriani Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin Marneuli “İdman Məktəbi” ilə bağlı bəyanatını nankor və kompleksli adamın bəyanatı olaraq dəyərləndirdi.

Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Amiran Qiorqadze nə özünün, nə də Bələdiyyə Məclisi sədrinin müavini funksiyasını yerinə yetirmir.

“Bu işdən xəbərsiz olan adamın dəyərləndirməsidir. Öz funksiyalarını başa düşmür, müavin funksiyalarını da başa düşməyib və belə bəyanat verib. Hansısa maddə qeyd etsin, nə qanun pozuntusudur, harada yazılıb ki, Bələdiyyə Məclisinin müavini hansısa qeyri-kommersiya hüquqi şəxs barədə məlumatı araşdırsın. Bir də ki, Mamuka Naveriainin qeyd etdikləri ictimaiyyətə aydındır”,
– Tamaz Naveriani bildirdi.

29 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, müavini Mamuka Naverianini qanun pozuntusunda və vəzifəsindən sui-istifadə etməkdə ittiham edib.

Qiorqadze 28 dekabr tarixində Mamuka Naverianinin verdiyi bəyanata da münasibət bildirib. Naveriani bəyanatında Marneuli “İdman Məktəbinin” büdcəsinin ictimai müzakirəsinə rəy bildirmişdi. Naverianinin sözlərinə görə, ictimai müzakirə məsələsi idman məktəbinə qarşı qərəzli və aqressiv olub.

“Qeyd etmək istəyirəm ki, qeyd olunan dinləmədə idman məktəbinin nümayəndələrinə planlı şəkildə hücum edilmişdi. Onlar yüksək səslə danışırdılar. Onların imkanı yox idi ki, verilən sualları cavablandırsınlar və ictimaiyyətə dolğun məlumat versinlər. Mən düşünürəm ki, Marneuli İdman Məktəbinin yetirmələri Bələdiyyə Məclisinin sədri tərəfindən belə münasibətə layiq deyillər”, – Mamuka Naveriani 28 dekabr tarixində Marneuli televiziyasının efirində bildirmişdi.

Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Amiran Qiorqadzenin onun qardaşı oğlunu qanunu pozmqda ittiham etməsi hamı üçün gözlənilməz idi.

“Hamı təəccüblənib, ancaq bu nankor və kompleksli adamın bəyanatıdır. O adamın kompleksləri var və ümumiyyətlə nə komanda dəyəri, nə də ki, belə hallarda necə hərəkət edəcəyini bilmir”, – Tamaz Naveriani bildirdi.

Doqquzuncu çağırış Parlamentin majoritar deputatı onu da qeyd etdi ki, Amiran Qiorqadze başqa şəxslərin tapşırığını yerinə yetirir və tezliklə onun arxasında kimin durduğu məlum olacaq.

Tamaz Naveriani hesab edir ki, o, və ailəsi Marneulidə idmanın inkişafına böyük töhfə veriblər. Onun sözlərinə görə, Mamuka Naveriani məhz buna görə İdman Məktəbi ilə bağlı münasibət bildirdib. Çünki keçmişdə o, özü həmin qurumun rəhbəri olub.
"Marneuli" Radiosu
Print