Əhali Rustaveli küçəsində tutulmuş kanalizasiyanı öz vəsaiti ilə təmizlətdirməli olur - Meriya istirahət edir
Marneulinin Rustaveli küçəsində bir neçə yaşayış korpusunda kanalizasiya xətti tutulub. Hadisə yerinə toplaşmış əhali problemi öz vəsaiti ilə həll etməyə çalışır.

Onlar deyir ki, bu ilk dəfə deyil, kanalizasiyanı dəfələrlə öz hesablarına təmzilədiblər. Rustavelidəki korpusardan birinin birlik sədri İamze Maisuradzenin sözlərinə görə, yerli özünüidarəyə müraciət ediblər ancaq problem həll olunmayıb.

"Meriyaya zəng vurduq, dedilər biz hələ işləmirik, bizim işimiz deyil. Sizin binadır, özünüz həll edin. Kim düzəltməlidir, mən kimdən pul istəyim, bizim binada pensionerlər yaşayır, kimdən pul alım? Bizim işimiz deyil, necə istəyirsiniz elə də həll edin dedilər. Bəs kimin işidir? Su idarəsinə də zəng vurduq, onlar da dedilər sizin işinizdir”, – İamze Maisuradze dedi.



Pul yığılması prosesi səs-küyə də səbəb oldu. Əhali deyir ki, pul yığmaqdan artıq beziblər.

“İndi pul yığırıq, fərdi şəxs gətirmişik, o, bizə kömək edəcək. Hara müraciət etmədik, dedilər iş günü deyil, biz kömək edə bilmərik. Mənim burada ticarət obyektim var və məcburam pul yığım. Əhali çətinlik çəkir, pul istəyə bilmirik. Bu adam təmizləmək üçün elə məbləğ tələb edib ki, ona minnətdarıq. Mən belə düşünürəm ki, Marneulidə heç bir struktur yoxdur. 5-10 lari yığırıq, kimin imkanı nəyə çatır verir”,
– Aidə Qarayeva dedi.

“Kanalizasiyaya görə, görün bura nə gündədir. Bir dənə binanın kanalzasiyası xarab olub. Kimə müraciət edirik, hamı deyir bizlik deyil. Bəs bu kimlikdir? On-on lari pul yığdıq, bir dəfə təmizlətdik. Köməyi dəymədi. İkinci dəfə də on-on ları yığdıq, yenə təmizlətdirik. Baxın bu vəziyyətə düşüb. Bu gün koronavirus olan bir ölkədə, bir dövlətdə siz məni başa sala bilərsinizmi bu nədir? Bu pandemiyanın özü deyilmi. Nədir bu? Bir adam bu işə baxmır. Xahiş edirəm gəlib baxarlar. Kommunal bölmədən gəlib yoxlayarlar. Zəng edirik, heç kim gəlib bizi yoxlamır, heç kim baxmır. Bir dənə buna baxaq, bu nə işdir. Fikir verin. Yeddi gündür bu iş var. 7 gündür hər yerə zəng edirik, bir şeyi düzəldə bilmirlər”, – Faiq Məmmədov dedi.



Yerli özünüidarə hər il Marneuli bələdiyyəsi ərazisində kanalizasiya sisteminin təmizlənməsi və qulluq göstərilməsi üçün tender elan edir. Tender əsasında da qaydaya görə əhali öz vəsaiti ilə problemi həll etməməlidir. Meriya kanalizasiya sisteminin təmizlənməsini bu il də planlaşdırır və bunun üçün tender elan ediblər.

Ancaq tenderdə heç kim iştirak etməyib və tender baştutmayıb. Yeni elan olunacaq tenderin isə vaxtı məlum deyil.


Print Email
FaceBook Twitter Google