Marneulidə erməniyə məxsus yük maşının atəşə tutulması barədə yayılmış məlumat yalandır
10 dekabr tarixində erməni internet nəşriyyatlarında məlumat yayılıb ki, 9 yanvar tarixində axşam saatlarında Marneulidə Ermənistan dövlət nömrə nişanı ilə hərəkət edən yük maşını atəşə tutulub.

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin rəhbəri Rəşan Ziyadəliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan məlumat həqiqətə uyğun deyil.

“Maraqlandım ki, görüm Marneulidə belə hadisə həqiqətən də baş veribmi. Yoxladım ki, ilk mənbə teleqram kanalı olan “Mediaport”-dur. Bu kanalın nə veb-səhifəsi var, nə də “facebook” nə də başqa sosial şəbəkələrdə yoxdur. İlk mənbəni yoxladıqdan sonra orada şəkil yerləşdirilmişdi və “Google image”-dən yoxladım, gördüm ki, bu şəkil ilk dəfə 2018-ci ildə yayımlanıb. Yəni, bu 2018-ci ilin xəbəri idi və yanlış məlumat olaraq yayımlayırdılar ki, guya bu hadisə 2021-ci ildə baş verib”, – Rəşan Ziyadəliyev dedi.

Zİyadəliyevin sözlərinə görə, Marneulidə etnik gürcülərin, azərbaycanlıların və ermənilərin yaşadığı yerdə yanlış məlumat yaymağa cəhd halları tez-tez baş verir. 

“Marneuli Rusiya üçün gərginlik yaratmağa çox yaxşı coğrafi məkandır. Çünki Marneulidə etnik zəmində münaqişəyə başlamaq olduqca asandır. Biz, etnik azərbaycanlılar, ermənilər və gürcülər, əlbəttə, Marneulidə dinc yaşayırıq və bu kimi yanlış məlumatlara inanmamalıyıq”,
– Rəşan Ziyadəliyev dedi.

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-nin rəhbərinin sözlərinə görə, şübhəli məlumat alan zaman vətəndaşlar onun doğru olduğuna əmin olmaq üçün ilk növbədə məlumatı nə dərəcədə etibarlı mənbə paylaşdığını yoxlamalıdırlar.
Print Email
FaceBook Twitter Google