Nika Qvaramia İslam ümmətindən üzr istəməlidir – Ruslan Hacıyev
Marneulinin keçmiş majoritar deputatı Ruslan Hacıyev “Mtavari” kanalının direktoru Nika Qvaramianın müsəlmanlardan üzr istəməsini tələb edir.

“Marneuli” radiosu ilə söhbəti zamanı keçmiş deputat Qvaramianın "İvanişvili Saakaşvilini Allah, məni isə Məhəmməd olaraq görür" deyə səsləndirdiyi fikirlərin qəbuledilməz olduğunu bildirdi.

O, hər bir insanın bir-birinin müqəddəs dəyərlərinə hörmətlə yanaşmasının vacib olduğunu və bu kimi fikirlərin İslam dininə qarşı hörmətsizlik olduğunu dedi.

“Bu fikri, səhv və qəbuledilməz bir fikir olaraq qəbul edirəm. Heç bir insanın dini, müqəddəs dəyərləri ilə oynamaq, özü və ya hər hansı bir siyasi xadimi bəhs gətirmək qəbuledilməzdir. Bütün dinlər üçün mən bunu deyirəm. Qvaramianın son fikirlərində Allahla kimisə müqayisə etməsi, Məhəmməd Peyğəmbərimizin adından istifadə etməsi çox xoşagəlməz bir fikirdir. Dərhal bu söylədiyi fikirlərinə görə üzr istəməsini tələb edirəm. Heç bir ümmətin müqəddəs dəyərləri ilə oynamağa, onu dilə alıb danışmağa, hələ ki, belə mənfi bir mövzuda dilə alıb danışmağa haqqı, hüququ yoxdur.”

Qeyd edək ki, Nika Qvaramia Bidzina İvanişvilinin siyasətdən ayrılması ilə bağlı yazdığı məktuba “Mtavari” kanalının efirində danışarkən fikir bildirib.

O, İvanişvilinin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Allah, Qvaramianı isə onun Peyğəmbəri, Məhəmməd olaraq düşündüyünü deyib.

Print Email
FaceBook Twitter Google