Marneulidə təmizləmə xidmətinə görə ödəniş təyin edilməsi
planlaşdırılır.
Bu barədə Bələdiyyə Məclisinin iclasında, 30 dekabr tarixində
məlumat verilib. Məsələni müzakirəyə merin müavini Laşa Lobcanidze
çıxarıb. O, qeyd edib ki, təmizləmə üçün vergi ən az bir lari, ən
çox isə dörd lari olacaq.
“Bu fiziki şəxslər üçün nəzərdə tutulmuş ödənişdir. Bir
nəfər sakinə bir lari ödəniş müəyyən olunacaq. Siz bilirsiniz ki,
biz hər il subsidiya olaraq “Təmiz Marneuli”-yə müvafiq vəsait
veririk və bu az məbləğ deyil. Ona görə də əhali tərəfindən də
balansın qorunması vacibdir. Əlbəttə “Təmiz Marneuli”-nin xidmət
göstərdiyi yerlərdən söhbət gedir. Ödənişin ən yüksək dəyəri 4 lari
olacaq. Əgər ailədə dörd nəfərdən artıq adam yaşayırsa, yenə də
dörd lari ödəyəcəklər. Bununla bağlı icra qismində məsuliyyət yığım
şöbəsinin üzərinə düşəcək. Təmizləmə xidmətinə görə ödənişin
maksimum dərəcədə toplanmasına biz nəzarət edəcəyik. Bununla biz
irəli addım ataraq texnika, zibil qabları ala bilərik, bütün
bələdiyyənin ərazisini əhatə edərik”, – Bələdiyyə
Məclisinin 30 dekabr tarixində keçirilmiş iclasında Laşa Lobcanidze
bildirmişdi. Deputatlar məsələni yekdilliklə dəstəkləyiblər.
Bu gün, 12 yanvar tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı
“Təmiz Marneuli”-nin rəhbəri Leri Mumladzenin bildirdiyinə görə,
əhalinin ödənişi nə zamandan ödəyəcəyi hələlik ona məlum deyil.
Ancaq o, belə qərarın verilməsini vacib dəyərləndirir.
Qeyd etmək lazımdır ki, “Təmiz Marneuli” bələdiyyənin 55%-ə xidmət
göstərir.