Marneulidə təmizləmə xidmətinə görə ödəniş təyin edilməsi planlaşdırılır
Marneulidə təmizləmə xidmətinə görə ödəniş təyin edilməsi planlaşdırılır.

Bu barədə Bələdiyyə Məclisinin iclasında, 30 dekabr tarixində məlumat verilib. Məsələni müzakirəyə merin müavini Laşa Lobcanidze çıxarıb. O, qeyd edib ki, təmizləmə üçün vergi ən az bir lari, ən çox isə dörd lari olacaq.

“Bu fiziki şəxslər üçün nəzərdə tutulmuş ödənişdir. Bir nəfər sakinə bir lari ödəniş müəyyən olunacaq. Siz bilirsiniz ki, biz hər il subsidiya olaraq “Təmiz Marneuli”-yə müvafiq vəsait veririk və bu az məbləğ deyil. Ona görə də əhali tərəfindən də balansın qorunması vacibdir. Əlbəttə “Təmiz Marneuli”-nin xidmət göstərdiyi yerlərdən söhbət gedir. Ödənişin ən yüksək dəyəri 4 lari olacaq. Əgər ailədə dörd nəfərdən artıq adam yaşayırsa, yenə də dörd lari ödəyəcəklər. Bununla bağlı icra qismində məsuliyyət yığım şöbəsinin üzərinə düşəcək. Təmizləmə xidmətinə görə ödənişin maksimum dərəcədə toplanmasına biz nəzarət edəcəyik. Bununla biz irəli addım ataraq texnika, zibil qabları ala bilərik, bütün bələdiyyənin ərazisini əhatə edərik”, – Bələdiyyə Məclisinin 30 dekabr tarixində keçirilmiş iclasında Laşa Lobcanidze bildirmişdi. Deputatlar məsələni yekdilliklə dəstəkləyiblər.

Bu gün, 12 yanvar tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı “Təmiz Marneuli”-nin rəhbəri Leri Mumladzenin bildirdiyinə görə, əhalinin ödənişi nə zamandan ödəyəcəyi hələlik ona məlum deyil. Ancaq o, belə qərarın verilməsini vacib dəyərləndirir.

Qeyd etmək lazımdır ki, “Təmiz Marneuli” bələdiyyənin 55%-ə xidmət göstərir.

"Marneuli" Radiosu


Print