"Uşaqlıqdan ən böyük arzusu həkim olmaq və atasının gözlərini əməliyyat etmək olub" – gənc idmançı Anar Qaracayev – FOTO
18 yaşlı Anar Qaracayev Böyük Muğanlı kənd ictimai məktəbinin 12-ci sinif şagirdidir.

O, “Marneuli” radiosu ilə söhbəti zamani bildirdi ki, bu günə qədər təhsil aldığı Böyük Muğanlı ictimai məktəbində və məşğul olduğu idman sahələrində bir çox uğura nail olub. O, müxtəlif yarışlarda 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Qaracayevin idman sahəsində medallardan başqa diplomları da var.

Anar hələ 15 yaşı olarkən yaşadığı kənddə müəllimi Müşfiq Əliyevin köməyi ilə “Taekwondo” idman növü ilə məşğul olmağa başlayır. İdman zallarının olmasına baxmayaraq o, qış fəslində kənddə məşq etməyin çətin olduğunu və buna görə də məşqlərini Marneulidə və Kürtlər kəndindəki zallarda davam etdirməyə başladıqlarını deyir. Anar “Taekwondo” üzrə yarışlara qatılaraq özünü bu sahədə daha düzgün yetişdirməyə çalışıb. Bundan sonra o, xüsusi yarış və çempionatlara qatılaraq gümüş və qızıl medalların sahibi olub. İlk birincilik medalını aldığı günü xatırlayan Anar, o günün unudulmaz olduğunu və ona böyük sevinc bəxş etdiyini deyir.



“Taekwondo” üzrə qələbələrinə davam edən Qaracayev bir müddət sonra idman sahəsini dəyişmək qərarına gəlir və fəaliyyətini Kikboksinq sahəsində davam etdirir və məşqlərə qatılır. Müəllimi Namiq Cəfərovun vasitəsilə daha böyük yarışlara qatılmaq üçün hazırlaşır. Anar deyir ki, uşaqlıqdan idmana qarşı böyük marağı olub. Elə indi də marağının böyük olduğunu və gələcəkdə tanınmış idmançı olmağı arzu etdiyini deyir. Lakin indi pandemiyaya görə yarışlar keçirilmədiyindən o, gələcək yarışlara hazırlaşır. Anar deyir ki, məktəblərarası futbol və voleybol yarışlarında öz məktəblərinin komandası ilə birlikdə iştirak edib və kubok qazanıb.



Müsahibə zamanı Anar Qaracayev təhsil aldığı məktəbin direktoru Musa Yusiflinin ona hər zaman dəstək olduğunu bildirdi. Anarın sözlərinə görə, idmanla paralel olaraq dərslərini də yaxşı oxuyur. O, dəqiq elmləri – kimya, fizika, riyaziyyat fənlərini sevdiyini, məktəbdə bütün müəllimləri ilə münasibətinin yaxşı olduğunu deyir. Qaracayev məktəbin yaxşı oxuyan şagirdi olduğu üçün qızıl medalla təltif olunacağı xəbərinin gəldiyini lakin, pandemiyaya görə gözləməli olduğunu bildirdi.



Anar deyir ki, uşaqlıqdan ən böyük arzusu həkim olmaq və atasının gözlərini əməliyyat etmək olub. O, böyüdükcə atasının gözlərinin əməliyyatla da görə bilməyəcəyini öyrənib. Amma, atasına verdiyi bir söz var idi – həkim olmaq. Buna görə də o, çətinliklərə baxmayaraq dövlət universitetinə qəbul olmaq, cərrah peşəsinə yiyələnmək və atasına verdiyi sözə əməl etmək istəyir.



Print Email
FaceBook Twitter Google