Bu gün, 19 yanvar tarixində Marneulidə, Rustaveli küçəsində yaşlı
qadına sahibsiz itlər hücum edib.
72 yaşlı Zəhra Heydərova “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, səhər saatlarında yaşadığı evdən çıxıb və bu zaman bir
neçə it hücum edərək onu yerə yıxıb.
Heydərova kimi onun qonşusu Afət Əzizova da sahibsiz itlərin
çoxluğundan şikayətlənir. Əzizova deyir ki, sahibsiz itlərin çox
olmasına görə uşaqları oynamaq üçün həyətə buraxmırlar.
Marneuli meriyası bələdiyyə ərazisində sahibsiz itlərin sığınacağa
aparılması, lazım olan halda evtanaziya və heyvan morqlarına
aparılması xidməti üçün 2020-ci ilin 15 dekabr tarixində 21 186
lari dəyərində tender elan edib. Tenderə görə qalib gələcək şirkət
2021-ci il ərzində bələdiyyədən 177 sahibsiz it aparmalıdır.
Müalicə və kastrasiya prosedurlarından sonra isə yenidən
bələdiyyəyə qaytarmalıdır.
Meriyanın elan etdiyi tenderdə yalnız bir şirkət iştirak edib.
Ancaq ona texniki sənədlərə görə diskvalifikasiya verilib.
Bələdiyyənin sahibsiz qalmış itlərin sığınacağa aparılması xidməti
üçün yenidən tenderi nə vaxt elan edəcəyi məlum deyil.