Distant təhsil və təhsildən kənar qalmış xüsusi ehtiyacı olan şagirdlər
Demək olar bir ildir ki, ölkədə yayılmış koronavirus əhalinin yaşam tərzini çox istiqamətdə dəyişdi və faktiki olaraq hər şey onlayn rejimlə əvəz edildi.

Marneulidəki təhsil müəssisələri bu günə qədər də onlayn rejimdə işləyir.

Bələdiyyə miqyasında 74 ictimai məktəb var. Bunlardan 66-sı kəndlərdə yerləşir. Kəndlərdə isə əksər hallarda internet və texnologiyaların əlçatanlığı mürəkkəb məsələdir. Yeni “məktəb” mühitində isə kompüter və internet əsas rol oynayır. Demək olar ki, bu vəziyyət xüsusi ehtiyacı olan şəxslər üçün ikiqat çətin oldu. Onlar üçün birbaşa ünsiyyət və gündəlik inkişaf mütləqdir.

Marneuli Təhsil Resurs Mərkəzinin neçə şagirdin dərs prosesinə qoşula bilməməsi barədə statistikası yoxdur. Ancaq xüsusi təhsilə ehtiyac duyan 150-yə yaxın şagird qeydə alınıb.

17 yaşlı Xəyalə Əhmədova Marneuli kənd məktəblərindən birində beşinci sinifdə oxuyur. Onun nə kompüteri, nə də interneti var. Buna görə də dərslərdə iştirak edə bilmir. İndi bələdiyyədən kənarda aldığı xidmətlərdən də yararlana bilmir. Anası Xədicə Əhmədova övladı ilə danışmaq üçün “özünəməxsus jest dilini” öyrənib və onunla ünsiyyət qura bilir. Ancaq dərslərinə kömək edə bilmir.



„“Bu diaqnoz anadangəlmədir. Aparat da aldırdılar, ancaq nəticəsi olmadı. Məktəb yaxşı idi, müəllimə inanırdı, nə deyirdilər, yerinə yetirirdi. Oxumaq bilmir, yazını az da olsa bacarır. Gürcü, ingilis və azərbaycan dilində yaza bilir. Əgər müəllim yazarsa, bu da təkrar edə bilir. Mənim qızım da bunun öhdəsindən gəlirdi. İstəyir ki, müəllim və rəngarənglik olsun. Mənimlə sakit oturmur, yazmağa ərinir. Jest dilini özüm öyrənmişəm. Kiçik olanda başa düşdüm ki, həmişə bir yerdə olacağıq və ünsiyyət üçün nə isə düşünməli idim. Məktəbdən kənar daha da əsəbi olub. Heç kimlə münasibəti yoxdur, orada şagirdlərlə oynayırdı və daha sakit idi.”

Hüseynovlar ailəsi də yeni təhsil modelinə keçə bilməyib. Elxan Hüseynov deyir ki, pandemiya onlara mənfi təsir göstərib və məktəbə getməyi başqa heç nə ilə əvəz edə bilməyiblər. Onun 19 yaşlı qızı, xüsusi ehtiyacı olan şəxsdir. Beşinci sinifdə oxuyur və demək olar 10 aydır təhsil prosesindən uzaq qalıb.



Onlayn dərslər başlayandan uşaq hələ təhsil prosesinə qoşulmayıb. Kompüter, telefon yoxdur ki, uşaq girib dərslərdə iştirak etsin. Ailədə əsasən anası kömək edir. Çalışır ki, danışdırsın, ev işləri öyrədir. Uşaq danışa bilmir, bizə heç nə başa sala bilmir və çox əziyyət çəkirik. Eşitmə problemi var. Əlifbada bütün hərfləri tanıyır, ancaq oxuya, başa sala bilmir”.

Distant təshil çətinliklərindən söhbət açanlardan biri isə pedaqoqdur. Onunla gizliliyi qorumaq şərti ilə müsahibə yazdıq. Müəllim deyir ki, şagirdlərin əksəriyyəti məhz internet və kompüterin olmamasına görə dərsdə iştirak etmir.


“İbtidai siniflər daha çox qoşulur. Onlara “book”-lar yeni verilib və onunla qoşula bilirlər. Ancaq yuxarı sinifdə bəzilərinin “book”-u xarab olub və ona görə qoşula bilmirlər. Bəzisi interneti, telefonu, yaxud kompüteri olmadığına görə qoşulmur.”

Marneuli Təhsil Resurs Mərkəzindən bildirdilər ki, inkluziv təhsildə yaranmış problemlərlə bağlı məktəblər onlara müraciət etməyib və xüsusi müəllimlər maksimum dərəcədə şagirdlərin dərslərə qoşulma prosesi üzərində çalışırlar.

“Fiziki imkanları məhdud, yaxud xüsusi ehtiyacı olan, bütün birinci sinif şagirdlərinin hamısına nazirlik tərəfindən “book”-lar veriləcək. Nazirliyin çoxsahəli komandası onlar üçün (xüsusi təhsilə ehtiyac duyan şagirdlər) ayrı, daha da təkmilləşdirilmiş proqram hazırlayıblar. Pedaqoqlar dərsi məhz buna əsasən idarə edəcəklər. Əgər kompüterləri yoxdursa, məktəb verə bilər”,
– Resurs Mərkəzdən bildirdilər. Ancaq bizim bir neçə məktəbə zəng vurmağımız nəticəsində məlum oldu ki, təhsil müəssisələrinin belə bir resursu yoxdur.

Bir neçə il əvvəl beynəlxalq təşkilat Marneulidə xüsusi ehtiyacı olan şagirdlər üçün müvafiq xidmətlərin yaradılmasının qayğısına qalmağa başladı. Həmin təşkilat sonradan yerli bələdiyyənin balansına keçdi. Qızılhacılıda yerləşən erkən müdaxilə mərkəzi 18 yaşa qədər olan 30 benefisiara xidmət göstərir. Təhsil müəssisəsinin xüsusi müəllimi Zərnişan Mursaqulova deyir ki, indi, pandemiya dövründə tədris prosesi çox çətinləşib. Evdə təhsilin mütləq olmasını nəzərdə tutan xidmətlərdən biri faktiki olaraq ləğv olunub.


Marneulidə fəaliyyət göstərən və xüsusi ehtiyacı olan şəxslər üçün yaradılmış daha bir təhsil müəssisəsi onlayn, distant rejimdə açılıb. Mərkəzin rəhbəri Maia Bibileişvili deyir ki, üzbəüz xidmət göstərməyin alternativi yoxdur. Hələ ki, ehtiyacı olan uşaqlardan söhbət gedirsə, hər bir dərs həlledici rol oynayır.

“Psixoloqlar bu barədə danışır ki, uşaqlarda kompüterə bağlılıq yaranmamalıdır və kompüter qarşısında gündə ən çox bir saat vaxt keçirməlidirlər. Aydındır, əgər internet, telefon, yaxud kompüterləri varsa, bu gün isə hər şeyi artıq dozada etməli olurlar. 17-19 yaşlı uşaq beşinci sinifdədirsə, bu prinsipial şəkildə qəbuledilməzdir. Xüsusi təhsilə ehtiyacı olan şagirdlərin də öz yaşıdları ilə sinifdə oturmaq və inkişaf etmək hüququ var.”

Təhsil Nazirliyi bu kimi ehtiyacı olan uşaqlara nə təklif edir və inkluziv təhsilin inkişafı baxımından hansı planları var, bu suallara cavab ala bilmədik. Çoxsaylı cəhdlərimizə baxmayaraq onlarla müsahibə yazmaq mümkün olmadı. Yayılmış məlumata görə, Təhsil Nazirliyinin prioriteti bütün şagirdlərin davamlı, keyfiyyətli təhsilə əlçatanlığını təmin etmək və inkluziv təhsilin inkişafıdır. Bu istiqamətdə isə bir neçə layihə hazırlayıblar. Layihə şagirdlərə yazılı, kommunikasiya, yaradıcılıq və davranış bacarıqlarının inkişafında kömək edəcək. Qurumun məlumatına görə, xüsusi təhsilə ehtiyac duyan şagirdlər üçün ictimai məktəblərdə işlə təmin edilmiş 200-ə yaxın assistent hazırlanıb.


Bu xidmətlərə baxmayaraq “İnsan Hüquqları üçün Tərəfdaşlıq”-ın rəhbəri Ana Abaşidze hesab edir ki, dövlət bu vəziyyətdə olan uşaqlara nə dərəcədə ziyan vurduğunu hələ başa düşməyib. Bir ildir karantində yaşayan şəxslər düşünür ki, uşaqların məktəbdən uzaqlaşdırılması dövlət üçün ən asan çıxış yolu və “kasıb” qərar idi. Bu uşaqların emosional vəziyyətinin ciddi gərginləşdirilməsidir. Onlar üçün onlayn xidmətlər qəbul etmək isə qeyri-bərabərlikdir.

Ana Abaşidze deyir ki, dövlət onlayn vasitələrlə təhsil ala bilməyən şagirdlər barədə düşünməyib və başqa alternativ də təklif etməyib. Bir fakt var, şagirdlərin nə qədər müddət bu şəraitdə “təhsil alacağı” heç kimə məlum deyil.

Print Email
FaceBook Twitter Google