2019-20-ci tədris ilində Marneuli miqyasında 29 nəfər 9-cu sinif
şagirdi kompüter qazanıb. Ancaq texnika hələ ki, onlara verilməyib.
Marneuli Təhsil Resurs Mərkəzinin mütəxəssisi İrma Davadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şagirdlərə
kompüterlərin təqdim ediləcəyi tədbir 2020-ci ilin oktyabr ayında
baş tutmalı idi. Ancaq koronavirus pandemiyasına görə tədbir təxirə
salınıb.
“Bu şagirdlər 2019-20-ci ildə doqquzuncu sinfi
fərqlənmə ilə başa vuranlardır. Hazırda onlar onuncu sinif
şagirdləridir. Onların 10 balı var. Xatırladım ki, Marneulidə 74
ictimai məktəb var. 9 məktəbdən ümumilikdə 29 nəfər doqquzuncu
sinfi fərqlənmə ilə başa vurub. Gürcüstan Təhsil, Elm, Mədəniyyət
və İdman Nazirliyi onlara kompüterləri yaxın gələcəkdə təqdim
edəcək”, – İrma Davadze bildirdi.
Fərqlənən şagirdlərə kompüterləri Təhsil İnfrastrukturunun İnkişafı
Agentliyi verməlidir.
Agentlikdən “Marneuli” radiosuna bildirdilər ki, fərqlənən
şagirdlər üçün kompüterləri tender vasitəsilə almalıdırlar. Tenderi
isə Dövlət Alqı-Satqı Agentliyi elan edəcək. Təhsil
İnfrastrukturunun İnkişafı Agentliyindən bildirirlər ki, fərqlənən
9-cu sinif şagirdlərinə kompüterlər güman ki, 2021-ci ilin birinci
rübündə, yəni martın sonuna qədər veriləcək.