Qaçağan kəndində 90-cı illərdən bu günə kimi sakinlər əkdikləri
məhsulları suvara bilmirlər. Bu kənddə suvarma suyu əsas
problemlərdən biridir.
Sakinlər gəlir mənbəyi olaraq, satmaq məqsədi ilə əkdikləri
pomidor, xiyar və digər məhsulları suvarmaqda əziyyət çəkirlər.
Kənd sakinləri məhsulu suvara bilmədikləri zaman ya məhsul məhv
olur, ya da məhsuldarlıq aşağı düşür.
Xüsusilə məhsulun əkildiyi vaxtlarda vəziyyət daha da çətinləşir.
Qaçağanla yanaşı qonşu kəndlərdə də suvarma suyu əsas problem
olaraq qalmaqdadır. Suyun olmadığı zamanlar onlar suyu şəxsi
avtomobillərinə qoyduqları plastik çənlərlə daşıyaraq əkin
sahələrini suvarmalı olurlar.
Kənd sakinləri problemin həll olunması üçün Marneulinin keçmiş
meri, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar
deputatı, Zaur Darğallıya da müraciət ediblər. Darğallı sakinlərə
suvarma suyu probleminin həll olunması ilə bağlı söz verməsinə
baxmayaraq, problem həllini tapmamışdı. Lakin o, 27 yanvar
tarixində majoritar deputat olaraq Qaçağan kəndində görüş keçirib
və bu il ərzində kənddə nasos stansiyanın qurulacağını deyib.
Kənd sakini Sərxan Haqverdiyev “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, kənddə 20-30% əhalinin hər il yay ayında əkin
sahəsini suvarmaqda çətinlik çəkdiyini deyir.
“Bu problem Qaçağanlıları illərdir narahat edir. “Xan
arxı”-nda su normal olaraq gəlir, digər arxalar da yaza qədər
normal olur, amma yayda problemlər yaşanır. Camaat əziyyət çəkir,
əziyyətlə yerlərini suvarırlar. Suyu gətirir və gətirənə kimi yenə
kimsə suyu kəsir və problemlər olur. Zaur bəy dünən gəlmişdi və
çıxışı zamanı bildirdi ki, nasos qoyulacaq və su problemi həll
olunacaq. Gözləyirik, bizim də istədiyimiz budur. Kənddə hər kəs
təsərrüfatla məşğul olur və su ilə təmin olunmalıdır. Əsas
problemimiz su problemidir”, – Sərxan Haqverdiyev
dedi.
Daha bir kənd sakini Etibar Qurbanov da suvarma suyunun
olmamasından şikayətlənir. O, məhsulları suvarmaq üçün yağış
yağmasını gözləməli olduqlarını deyir.
“May ayı olanda burada su olmur. Bir az yağış yağanda
su olur. Burada su yoxdur. Məhsulumuzu da su olanda suvarır,
olmayanda suvarmırıq. May ayından sonra da su olmur. Deyirlər
düzələcək, amma düzəlmir. Yəqin ki, su nasosu qoyular, bu günə
qədər qoyulmayıb. Hələ kəndin başındakılar suyu heç görmürlər. Çox
çətindir”, – Etibar Qurbanov dedi.
Məlumat üçün qeyd edək ki, 27 yanvar tarixində Parlamentin Marneuli
və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı,
Gürcüstanın Meliorasiya xidmətinin direktoru Davit Tsitlidze,
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və Marneuli
merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze Qaçağan kəndində
infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı görüş
keçiriblər.
Nasos stansiyasının qurulması və layihənin həyata keçirilməsi
Marneuli meriyası və Gürcüstanın Meliorasiya Xidmətinin iştirakı
ilə baş tutacaq.