Qaçağanlılara əkin vaxtına qədər suvarma suyu probleminin həll olunmasını söz verirlər
Qaçağan kəndində 90-cı illərdən bu günə kimi sakinlər əkdikləri məhsulları suvara bilmirlər. Bu kənddə suvarma suyu əsas problemlərdən biridir. Sakinlər gəlir mənbəyi olaraq, satmaq məqsədi ilə əkdikləri pomidor, xiyar və digər məhsulları suvarmaqda əziyyət çəkirlər. Kənd sakinləri məhsulu suvara bilmədikləri zaman ya məhsul məhv olur, ya da məhsuldarlıq aşağı düşür.

Xüsusilə məhsulun əkildiyi vaxtlarda vəziyyət daha da çətinləşir. Qaçağanla yanaşı qonşu kəndlərdə də suvarma suyu əsas problem olaraq qalmaqdadır. Suyun olmadığı zamanlar onlar suyu şəxsi avtomobillərinə qoyduqları plastik çənlərlə daşıyaraq əkin sahələrini suvarmalı olurlar.

Kənd sakinləri problemin həll olunması üçün Marneulinin keçmiş meri, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı, Zaur Darğallıya da müraciət ediblər. Darğallı sakinlərə suvarma suyu probleminin həll olunması ilə bağlı söz verməsinə baxmayaraq, problem həllini tapmamışdı. Lakin o, 27 yanvar tarixində majoritar deputat olaraq Qaçağan kəndində görüş keçirib və bu il ərzində kənddə nasos stansiyanın qurulacağını deyib.

Kənd sakini Sərxan Haqverdiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kənddə 20-30% əhalinin hər il yay ayında əkin sahəsini suvarmaqda çətinlik çəkdiyini deyir.

“Bu problem Qaçağanlıları illərdir narahat edir. “Xan arxı”-nda su normal olaraq gəlir, digər arxalar da yaza qədər normal olur, amma yayda problemlər yaşanır. Camaat əziyyət çəkir, əziyyətlə yerlərini suvarırlar. Suyu gətirir və gətirənə kimi yenə kimsə suyu kəsir və problemlər olur. Zaur bəy dünən gəlmişdi və çıxışı zamanı bildirdi ki, nasos qoyulacaq və su problemi həll olunacaq. Gözləyirik, bizim də istədiyimiz budur. Kənddə hər kəs təsərrüfatla məşğul olur və su ilə təmin olunmalıdır. Əsas problemimiz su problemidir”, – Sərxan Haqverdiyev dedi.

Daha bir kənd sakini Etibar Qurbanov da suvarma suyunun olmamasından şikayətlənir. O, məhsulları suvarmaq üçün yağış yağmasını gözləməli olduqlarını deyir.

“May ayı olanda burada su olmur. Bir az yağış yağanda su olur. Burada su yoxdur. Məhsulumuzu da su olanda suvarır, olmayanda suvarmırıq. May ayından sonra da su olmur. Deyirlər düzələcək, amma düzəlmir. Yəqin ki, su nasosu qoyular, bu günə qədər qoyulmayıb. Hələ kəndin başındakılar suyu heç görmürlər. Çox çətindir”, – Etibar Qurbanov dedi.



Məlumat üçün qeyd edək ki, 27 yanvar tarixində Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı, Gürcüstanın Meliorasiya xidmətinin direktoru Davit Tsitlidze, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze Qaçağan kəndində infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı görüş keçiriblər.

Nasos stansiyasının qurulması və layihənin həyata keçirilməsi Marneuli meriyası və Gürcüstanın Meliorasiya Xidmətinin iştirakı ilə baş tutacaq.

"Marneuli" Radiosu
Print