Marneuli "Avtoparkı" Qırmızı Körpüyə hərəkət edən avtobusun təmiri üçün hissələrin gətirilməsini gözləyir
Marneuli-Qırmızı Körpü xətti üzrə hərəkət edən bələdiyyə nəqliyyatının işində artıq bir neçə aydır ki, müntəzəm olaraq fasilələr yaranır.

Pandemiya ilə əlaqədar olaraq Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanılmasından sonra bələdiyyə nəqliyyatının qrafiki də dəyişdi. Marneuli “Avtopark” MMC-nin direktoru daha əvvəl “Marneuli” radiosu ilə söhbəti zamanı qrafikin dəyişmədiyini desə də, səhər saat 8-də və axşam 17:30-da hərəkət edən avtobuslar bu günə qədər işləmir. Qırmızı Körpüyə gedən yolun üstündə yerləşən kəndlərin sakinləri avtobusun işləməməsinə sərhəddin bağlı olmasının və nəqliyyatdan istifadə edənlərin sayının azlığının səbəb olduğunu ehtimal edirlər. Lakin Marneuli bələdiyyəsində bazarlar, mağazalar, iş yerləri açıqdır.

Kəndlərdə yaşayan sakinlər ehtiyaclarını qarşılamaq, işləmək üçün Marneuliyə üz tuturlar. İş saatı isə səhər saatlarında başladığından bələdiyyə nəqliyyatına ehtiyac yaranır. “Marneuli” radiosu Marneuli-Qırmızı Körpü istiqamətinə hərəkət edən bələdiyyə nəqliyyatının hərəkətində yaranmış problemlərlə bağlı dəfələrlə xəbər hazırlayıb. Amma problem bu gün də həllini tapmayıb.

Vəkil Əhmədov Kirəç Muğanlı kənd sakinidir. O, 5 ildir ki, Marneulidə un zavodunda anbar nəzarətçisi kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, hər səhər saat 8:30-da Marneulidə işinin başında olmalıdır. Lakin bələdiyyə avtobusu işləmədiyindən aylardır ki, işə gecikir. İşə gəlmək və evə qayıtmaq üçün İkinci Kosalı, Qaçağan kəndlərinin avtobuslarından istifadə edir. O, nəqliyyat işləyən zaman gündəlik 4 lari xərci çıxırdısa, indi 10 lari xərclədiyini deyir.

Porblemlə bağlı dəfələrlə Marneuli “Avtopark” MMC-nin direktoru Qiqa Calağoniyaya müraciət edən Əhmədov bu gün, 23 fevral tarixində təkrar ofisə gedərək şikayət edib. Ona bir neçə gün gözləməsini, tezliklə avtobusun xəttə buraxılacağını deyiblər.

“Gediş-gəliş sıfır dərəcədədir. Nəqliyyat işləmir. Bu mənim işimə böyük problem yaradır. Mən gəlib-getmək üçün başqa kəndlərin marşrutlarına əlavə pul ödəməli oluram. Hər dəfə əlavə pul ödəməli oluram. Əvvəl günə 2 lari çıxırdısa, indi dəqiq 10 lari xərcim olur. Müraciətimin sayı yoxdur. Hər dəfə gedirəm, müraciət edirəm. Mənə oradakı nəzarətçilər, bir az da gözləyin, səbirli olun deyirlər. Amma problem hələ də həll olunmayıb. Bu gün də mən nəqliyyatın rəhbəri ilə görüşdüm. Problemi bildirdim. Mənə 3-4 gün gözlə, xarabdır, həll olacaq dedi”, – Vəkil Əhmədov bildirdi.

Qaçağan kənd sakini Sevinc Hümbətova Qırmızı Körpüdə İcbari Sığorta Xidmət Mərkəzində işləyir. O, işə gedib-gəlmək üçün bələdiyyə nəqliyyatından istifadə edir. Sevinc işə gəlməyin qismən asan olduğunu desə də, qayıtmaqda problem yaşadığını bildirdi. Nəqliyyat işləmədiyindən o, hər dəfə yol maşınları ilə Qaçağana qayıtmalı olur.

“Hər gün səhər saat 9-da Qırmızı Körpüyə işə gedirəm axşam isə 6-da qayıdıram. Axşam saatlarında avtobus gəlmir və təbii ki, yolda qalıram. Qış vaxtları nəqliyyatın olmaması daha problemli hal alır. Bəzən yol maşını ilə, bəzən isə taksi ilə gedib-gəlirəm. Dəfələrlə bələdiyyənin qaynar xəttinə zəng etmişəm, cavabları bu olub ki, “axşam reysinə olan avtobus işləmir, xarabdır və ya sərhəd bağlı olduğundan axşam gələn reysə ehtiyac görülmür.”


“Avtopark” MMC-nin direktoru Qiqa Calağonianın “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, aylardır ki, nəqliyyatın təmirini gözləyirlər.

“Əhalinin hesab etdiyi qədər asan deyil. Nəqliyyat təmiz sıradan çıxıb, mühərrik xarab olub. Nəqliyyatda problem yoxdur və hissələrin gətirilməsini gözləyirik. Tenderlər gecikir. Nə vəziyyətdə olduğunu bilirsiniz? Düzələcək, çalışacağıq ki, tez olsun. Çünki artıq təmir üçün imkan yaradılıb.”

Print Email
FaceBook Twitter Google