Marneulidə, Ataholdinqdə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib
Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırmdan 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırım törədib. Bu hadisə hər il dünyanın bir çox ölkəsində yad edilir.

Bu ölkələrdən biri də Gürcüstandır. Ölkədə hər il bir sıra anım tədbirləri keçirilir.

Bu gün, 23 fevral tarixində də Marneulidə Xocalı soyqırımı yad edildi.

Ataholdinqdə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan "Xocalı soyqırımından Şuşanın azadlığınadək" adlı mərasim keçirilib.

Tədbiri Gürcüstan Azərbaycanlılarının İteqrasiya Mərkəsinin icraçı direktoru Rafiq Hümmət açaraq Xocalıda günahsız insanları necə qətlə yetirildiyi haqda tədbir iştirakçılarına məlumat verdi.

GAİM-in icraçı direktoru Rafiq Hümbətov Xocalı faciəsinin ağrı-acısının heç zaman unudulmayacağını deyib: "Gün gələcək faciə qurbanlarının xatirəsi Xocalıda anılacaq. Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması üçün bölgədə dayanıqlı sülhə nail olunmalıdır".

Tədbirdə iştirak edən, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Xocalı qətliamının tarixindən danışıb. O, faciəni insanlığa qarşı misli görünməmiş cinayət adlandırıb. Bayramov Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı hadisələri ilə bağlı sözlərini xatırladaraq qeyd edib ki, bu etiraf beynəlxalq ədalət məhkəməsi üçün dəlil kimi qiymətləndirilir.

E.Bayramovun sözlərinə görə, Xocalıya ədalət çağırışının əsas məqsədlərindən biri də bu cür soyqırımı aktlarına bir daha yol verilməməsidir.

Bayramov Xocalı Soyqırımının yad edildiyi üçün tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.

Lakin silahlılar dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xatırladaq ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə hər il fevralın 26-da anım mərasimləri təşkil edir, konfranslar keçirirlər.

Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri qırğını əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, kitablar sərgilənir.


Print Email
FaceBook Twitter Google