Marneuli meriyası bu il itlərin sığınacağa aparılması xidməti üçün 50 000 lari ayırıb
Marneuli bələdiyyəsi ərazisində sahibsiz itlərin sığınacağa yerləşdirilməsi (lazım gələn halda evtanaziya və heyvan ölüxanasına yerləşdirilməsi xidməti üçün bu il 50 000 lari nəzərdə tutub. Ayrılan vəsaitin ikiqat olması barədə məlumatı meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən verdilər.

Verilən məlumata görə, 2021-ci il büdcəsinin bölünməsi zamanı pulun ikiqat olmasına imkan yaranıb.

İllərdir ki, yerli özünüidarə bu kimi xidmətlər üçün tender elan edir. Ancaq xərclənmiş pulun miqdarı heç vaxt 21 000 lariyə qədər artmayıb. 2021-ci ildə də həmin dəyərin xərclənməsi planlaşdırılırdı. 2020-ci ilin 15 dekabr tarixində 2021-ci ildə həyata keçiriləcək işlərlə bağlı elan edilmiş sonuncu tender də bunu göstərir. Ancaq tender baş tutmadı.

Tenderdə yalnız bir şirkət iştirak edib. Meriya bir neçə səbəbə görə şirkəti tenderdən kənarlaşdırıb. Səbəblər arasında sığınacaq baytarlarının ixtisasını təsdiq edən sənədin təqdim olunmaması da var.

Yerli özünüidarədən bildirirlər ki, vəsaitin həcmi artırılmaqla daha bir tender yaxın gələcəkdə elan olunacaq.

“Marneuli” radiosu Marneulidə sahibsiz itlərlə bağlı dəfələrlə material hazırlayıb. 2019-cu il də isə itlər üçün regional sığınacağın tikilməsi planlaşdırılırdı. Sığınacaq üçün yerlərdən biri kimi məhz Marneuli düşünülürdü. Bu günə qədər bələdiyyə və regionda belə məkan yoxdur.

Meriyanın hər il elan etdiyi tenderə baxmayaraq problem yenə də həll olunmadan qalır və bələdiyyədə sahibsiz itlər problemi yenə də mövcuddur. Bizdə olan son bir neçə ayın göstəricilərinə görə, Marneulidə it dişləmə halları dəfələrlə qeydə alınıb. Məsələn, ötən ilin 7 ayı ərzində 648 nəfər quduzluğa görə peyvənd vurdurub.
Bələdiyyənin 50 000 lariyə neçə itə xidmət göstərə biləcəyi hələ ki, məlum deyil.

Print Email
FaceBook Twitter Google