Tbilisidə Xocalı soyqrımına həsr olunmuş anım tədbiri keçirildi
Bu gün, 24 fevral tarixində Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Müzeyində Xocalı soyqrımına həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Anım mərasimi çərçivəsində Xocalı qətliamı mövzusunda fotolar sərgilənib. Tədbir iştirakçıları ilk öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilən sənədli filmin nümayişi olub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna səfirləri və Gürcüstandakı diplomatik korpusun nümayəndələri, Gürcüstanın ictimai xadimləri və azərbaycanlı ziyalılar iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Xocalının işğalı tarixindən və şəhərdə mülki insanlara qarşı törədilən kütləvi qırğından söz açıb. O, Xocalı soyqırımının Azərbaycanın tarixində qara səhifə və XX əsrin ən dəhşətli cinayəti adlandırıb.

F.Quliyev Azərbaycanın tarixi ərazilərini azad etmək üçün aparılan 44 günlük müharibədən də danışıb. O qeyd edib ki, Ermənistan bu müharibədə də beynəlxalq humanitar hüquq normalarını pozub.

Səfir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi sonuncu hərbi təxribatı Azərbaycanın dəmir yumruğu ilə qarşılaşıb və Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyü və suverenliyini bərpa edib.

Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Xocall qurbanlarına və şəhidlərə Allahdan rəhmət diləyib. O, tezliklə Xocalı qurbanları üçün də ədalətin tam bərpa oluncağına inam ifadə edib.

Mərasimin sonunda Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının gürcü dilində hazırladığı “Ana fəryadı” adlı teatrlaşdırılmış səhnə təqdim olunub. Səhnə əsərində işğaldan azad olunan yurduna qayıdan gənc qızın taleyindən bəhs edilir. Xocalı şahidi olan həmin qız faciə barədə acı xatirələrini danışır. Sonda qızın anası səhnədə görünür. Qadının ruh və ya sağ olması fikri tamaşaçıların ixtiyarına buraxılır. Kiçik tamaşa ana və balanın sülhə çağırışları ilə bitir.

Qeyd edək ki, Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.
Lakin silahlılar dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xatırladaq ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə hər il fevralın 26-da anım mərasimləri təşkil edir, konfranslar keçirirlər.

Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri qırğını əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, kitablar sərgilənir.

Xəbərdə Report və APA-nın matrialından da istifadə edilib.
Print Email
FaceBook Twitter Google