Marneuli-Tbilisi marşrut taksiləri fəaliyyətini bərpa edib, ancaq hələ sərnişinləri yoxdur
Bu gün, 25 fevral tarixində Gürcüstan miqyasında şəhərlərarası ictimai nəqliyyatın hərəkəti bərpa edilib. Marneuli-Tbilisi xətti üzrə hərəkət edən mikroavtobuslar da hərəkətini bərpa edib.

Marneuli-Vağzal meydanı xətti üzrə hərəkət edən mikroavtobusun sürücüsü Biçiko Xarşiladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, səhərdən saat birə qədər Tbilisi istiqamətində yalnız iki avtobus yola çıxıb.

“Sərnişinlər tək-tük idi, cəmi iki maşın yola çıxıb və 4-5 nəfər aparıblar. Əhali hələ bilmir. Bu gün qardır, yol da donmuşdu. Heç biz də sürücülərdən getmələrini tələb etmirik. Ancaq sabahdan adi rejimdə işləməyə davam edəcəyik”, – Biçiko Xarşiladze bildirdi.

Marşrut sürücüsünün sözlərinə görə, Marneuli-Vağzal Meydanı xətti üzrə hərəkət edən mikroavtobuslarda gediş haqqı yenə 2 lari 50 tetri olacaq.

“Maşın dayananda və sərnişinləri gözləyəndə də hamıya bildiririk ki, maskasız maşına minmək olmaz. Əgər maskası yoxdursa, minməyə qoymuruq, gedib alırlar, sonra icazə veririk”, – Biçiko Xarşiladze dedi.

Xarşiladze deyir ki, şəhərlərarası ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına görə üç aydır işsiz qalıb və düşünür ki, məhdudiyyətin götürülməsi yaxşı qərardır. Biçiko ilə yanaşı eyni şirkətdə işləyən daha 23 sürücü 3 ay ərzində işsiz qalıb.

Print Email
FaceBook Twitter Google