Bu gün, 26 fevral tarixində paytaxt Tbilisidə müxalif partiyalar
Vahid Milli Hərəkat partiyasının sədri Nika Melianın azadlığı üçün
etiraz aksiyası keçirirlər.
Aksiyada “Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının
rəhbəri Əhməd İmamquliyev də iştirak edir. İmamquliyev
“Facebook”-da açdığı canlı yayım zamanı aksiyada iştirak etməsinin
əsas səbəblərindən danışıb.
O, hər hansı partiyanı deyil, Gürcüstanın azad gələcəyini müdafiə
etmək üçün aksiyaya qoşulduğunu bildirib.
“Bu gün hər hansı partiya üçün buraya çıxmamışıq. Bu
gün biz Gürcüstan üçün buradayıq. Bidzinaya səslənirik ki,
Gürcüstanımızı bizim əlimizdən ala bilməyəcəksiniz. On minlərlə
insan küçəyə çıxıb. Bu qədər insan burada hər hansı partiya və
liderə görə deyil, Gürcüstanın azadlığı üçün bir araya gəlib.
Tələbimiz odur ki, günahsız insanlar həbsxanadan azad olunsun,
onlar Qiorqi Rurua və Nika Meliadir. Tələbimiz odur ki,
növbədənkənar Parlament seçkiləri keçirilsin. Gürcü Arzusu xalqın
azadlığını əlindən alır.”
İmamquliyev aksiyanın keçirilməsinə baxmayaraq 1992-ci ildə,
Xocalıda baş verən soyqırımı da unutmadığını deyib. O,
Azərbaycanlılara və Xocalıda yaxınlarını itirənlərə baş sağlığı
verib.
“Xocalını unutmadıq, Xocalı bizim qəlb yaramızdır. Zehinimizdədir.
Rus imperiyasının oyununda olan ermənilərin törətdiyi qətliamdır.
Azərbaycana, Xocalıda yaxınlarını itirənlərə baş sağlığı
veririk.”
Qeyd edək ki, Gürcüstanın müxalif “Vahid Milli Hərəkat”
partiyasının sədri N.Melia fevralın 23-də Tbilisi Şəhər
Məhkəməsinin qərarına əsasən 40 min lari girovu ödəmədiyinə görə
həbs edilib. O, 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə
parlament binası qarşısında baş vermiş polis-vətəndaş
qarşıdurmasını təhrik etməkdə və iştirakda ittiham edilir.