Gürcü Arzusu xalqın azadlığını əlindən alır – Əhməd İmamquliyev – Video
Bu gün, 26 fevral tarixində paytaxt Tbilisidə müxalif partiyalar Vahid Milli Hərəkat partiyasının sədri Nika Melianın azadlığı üçün etiraz aksiyası keçirirlər.

Aksiyada “Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev də iştirak edir. İmamquliyev “Facebook”-da açdığı canlı yayım zamanı aksiyada iştirak etməsinin əsas səbəblərindən danışıb.

O, hər hansı partiyanı deyil, Gürcüstanın azad gələcəyini müdafiə etmək üçün aksiyaya qoşulduğunu bildirib.

“Bu gün hər hansı partiya üçün buraya çıxmamışıq. Bu gün biz Gürcüstan üçün buradayıq. Bidzinaya səslənirik ki, Gürcüstanımızı bizim əlimizdən ala bilməyəcəksiniz. On minlərlə insan küçəyə çıxıb. Bu qədər insan burada hər hansı partiya və liderə görə deyil, Gürcüstanın azadlığı üçün bir araya gəlib. Tələbimiz odur ki, günahsız insanlar həbsxanadan azad olunsun, onlar Qiorqi Rurua və Nika Meliadir. Tələbimiz odur ki, növbədənkənar Parlament seçkiləri keçirilsin. Gürcü Arzusu xalqın azadlığını əlindən alır.”

İmamquliyev aksiyanın keçirilməsinə baxmayaraq 1992-ci ildə, Xocalıda baş verən soyqırımı da unutmadığını deyib. O, Azərbaycanlılara və Xocalıda yaxınlarını itirənlərə baş sağlığı verib.

“Xocalını unutmadıq, Xocalı bizim qəlb yaramızdır. Zehinimizdədir. Rus imperiyasının oyununda olan ermənilərin törətdiyi qətliamdır. Azərbaycana, Xocalıda yaxınlarını itirənlərə baş sağlığı veririk.”


Qeyd edək ki, Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri N.Melia fevralın 23-də Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 40 min lari girovu ödəmədiyinə görə həbs edilib. O, 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında baş vermiş polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və iştirakda ittiham edilir.




"Marneuli" Radiosu
Print