Səfir Faiq Quliyev Marneulidə Xocalıdan olan ailələrlə görüş keçirib
Bu gün, 26 fevral tarixində Marneulidə, “Çay evi”-ndə Xocalıdan olan ailələrin üzvləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib. O, Xocalıdan olan və Marneulidə yaşayan ailələrin üzvləri ilə görüşüb. Təşkil olunan ehsan süfrəsi ətrafında əyləşən insanlar soyqırımda həyatını itirənləri bir dəqiqəlik sükutla anıblar.

Görüşdə Xocalı soyqırımına şahid olan Zərifə Bayramova çıxış edərək yaşadıqları çətin, ağrı-acılı günlərdən danışıb. O, bu günləri xatırlamağın çətin olduğunu bildirib. Həmçinin Xocalı sakini olan Aqnet Çıldırlı da çıxış edib. O, Ağdamda gördüklərindən danışaraq, yaralı insanların xəstəxanalara çatdırılmasında kömək etdiyini deyib.

Səfir Faiq Quliyev görüşdə iştirak edən ailələrə Xocalıda yaşanan çətin xatirələri bir araya gətirərək dərc olunacağını bildirib. Görüşdən əvvəl Xocalıdan olan 5 ailəyə ərzaq yardımı edilib. Xocalılar səfirə öz təşəkkürlərini bildiriblər.

Təşkil olunan görüşdə Marneuli merinin müavini Kənan Ömərov, merin köməkçisi Adil Əliyev, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov da iştirak edib.



"Marneuli" Radiosu

Print