Marneulili qızın pandemiya şəraitində başladığı biznes
Marneuli sakini Gülcahan Acalova koronavirus pandemiyasına baxmayaraq yeni fəaliyyətə başlayıb və “Culia” tikiş atelyesi təsis edib.

Gülcahan USAİD artım layihəsi çərçivəsində RDFG-nın regional gənc sahibkarlar proqramının qalibi olub və biznes ideyasını həyata keçirmək üçün 7 000 lari həcmində qrant qazanıb. Qeyd olunan pulla tikiş maşınları və fotoaparat alıb. O, noyabr ayından fəaliyyətə başlayıb.

“Tez zamanda atelyeni rəsmi şəkildə açmağı düşünürdüm. Ancaq hökumət məhdudiyyətlər tətbiq etdi və bazarlar bağlandı. Mənim ləvazimatlar aldığım adamlar “Lilo” bazarında işləyir və lazım olan materialları ala bilmədim. Yalnız saplar və əlçatan ləvazimatlar ala bildim. Bir neçə don tikib hazırladıq.”

İndiki mərhələdə Gülcahanın atelyesində özü ilə yanaşı bir qadın da işləyir. Gülcahanın sözlərinə görə, gələcəkdə ideyasının yalnız atelye olaraq qalmasını düşünmür. O, öz brendini formalaşdırmağı planlaşdırır.

“Hər şeyi bir-iki həftəyə planlaşdırdım. İndi təhsilə də başlamışam. Özəl müəllim yanında gedirəm və tikiş kursları keçirəm. Doğrudur mənim üçün yeni sahədir, ancaq istəyirəm ki, sona qədər öyrənim. Düşünürəm ki, biznes və sahibkralığa marağı olan hər kəs üçün öz biznesini açmaq əhəmiyyətlidir. İstəmirəm ki, biznesim kiçik atelye olaraq qalsın, istəyirəm brend formalaşdırım.”


Gülcahan universitetdə biznes administrasiyası fakültəsini bitirib və ondan sonra həmişə öz biznesini qurmaq istəyib. Atelye açmaq ideyası isə xalasının ixtisasından irəli gələrək yaranıb.

“Xalam dərzidir və həmişə paltarları necə tikdiyinə baxırdım. Bu proses çox xoşuma gəlirdi. Mən də istəyirdim ki, belə bir işlə məşğul olum. Ancaq mənim ideyalarım bir az geniş miqyaslıdır. İstəyirəm bu brend olsun. Mənim üçün güclü brend formalaşdırmaq mühümdür. Bir halda ki, mən marketinq mütəxəssisiyəm, bunu edə bilərəm və özümə güvənirəm”, – Gülcahan bildirdi.

Gülcahan gələcəkdə atelyesində daha bir neçə qadını işlə təmin etməyi planlaşdırır. O, qeyd edir ki, atelyeni açmaqda əsas məqsədlərindən biri də evdar xanımların hazırlanması və işlə təmin olunmasıdır.
Print Email
FaceBook Twitter Google