Marneulili idmançılar 9 apreldə həlak olanların xatirəsini yad ediblər
11:54 / 09.04.2021
Bu gün, 9 aprel tarixində Marneulidə “9 aprel” hadisəsinin 32
illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Marneulili idmançılar
və gənclərin iştirakı ilə keçirilən tədbir “9 aprel” memorialının
qarşısında baş tutdu.
Tədbir iştirakçıları 9 aprel faciəsi qurbanlarının abidəsi önünə
əklil qoydular. Daha sonra faciə qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 9 aprel
qəhrəmanları öz canlarından Gürcüstanın azadlığı uğrunda
keçiblər.
Tədbirdə o da vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi
gənclərin vətənpərvər və mənəvi dəyərlər ruhunda tərbiyə
olunmalarına böyük töhfə verəcək.
Qeyd edək ki, 32 il əvvəl, 1989-cu ilin bu günündə Sovet İttifaqı
hərbi qüvvələri Tbilisinin mərkəzində Gürcüstan Parlamentinin
binası yaxınlığında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı
amansızlıqla dağıdıb.
Nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub, minlərlə insan
mənşəyi məlum olmayan qazdan zəhərlənib.
Qanlı hadisədən iki il sonra, 1991-ci ilin aprelin 9-da Gürcüstanın
Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel
Gürcüstan tarixinə qanlı səhifə ilə yanaşı, dövlət müstəqilliyinin
bərpası günü kimi də daxil olub.