Marneulili idmançılar 9 apreldə həlak olanların xatirəsini yad ediblər
Bu gün, 9 aprel tarixində Marneulidə “9 aprel” hadisəsinin 32 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Marneulili idmançılar və gənclərin iştirakı ilə keçirilən tədbir “9 aprel” memorialının qarşısında baş tutdu.

Tədbir iştirakçıları 9 aprel faciəsi qurbanlarının abidəsi önünə əklil qoydular. Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 9 aprel qəhrəmanları öz canlarından Gürcüstanın azadlığı uğrunda keçiblər.

Tədbirdə o da vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi gənclərin vətənpərvər və mənəvi dəyərlər ruhunda tərbiyə olunmalarına böyük töhfə verəcək.
Qeyd edək ki, 32 il əvvəl, 1989-cu ilin bu günündə Sovet İttifaqı hərbi qüvvələri Tbilisinin mərkəzində Gürcüstan Parlamentinin binası yaxınlığında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı amansızlıqla dağıdıb.

Nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub, minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Qanlı hadisədən iki il sonra, 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə qanlı səhifə ilə yanaşı, dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.


"Marneuli" Radiosu
Print