“Təmiz Marneuli” və “Marneuli Kənd suları” üçün yeni ofis tikəcəklər
Marneuli yerli özünüidarəsi meriyanın balansında olan iki şirkət üçün yeni ofis tikməyi planlaşdırır.

Marneuli meriyası 20 aprel tarixində “Təmiz Marneuli” və “Marneuli Kənd Suları” MMC üçün binanın tikintisi işlərinin smeta sənədlərinin tərtib edilməsi üçün 11 864 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, “Təmiz Marneuli” və “Marneuli Kənd Suları” MMC üçün ayrılmış bina güman ki, iki mərtəbəli olmalıdır. Bina ofis üçün sahədən, 2 qapalı avto-texniki xidmət obyektindən və xüsusi texnika üçün nəzərdə tutulmuş bir avtomobil yuma obyektindən ibarət olmalıdır.

“Bu layihənin həyata keçirilməsi üçün büdcədə təxminən 500 000 lari nəzərdə tutumuşuq. Bu rəqəm arta, yaxud azala da bilər. Bunu əvvələcədən deyə bilmərik. Smeta sənədlərini, ekspertizanın cavablarını gözləməliyik. Yalnız bundan sonra dəqiq dəyəri deyə biləcəyik”, – Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi.

Məmmədovun sözlərinə görə, “Marneuli Kənd Suları” hər ay ofisin icarəsi üçün pul ödəyirmiş. “Təmiz Marneuli”-nin binası isə qəzalı vəziyyətdədir. Məhz onların fəaliyyətini həyata keçirməsi üçün yeni binanın tikilməsinə ehtiyac yaranıb.

Meriyanın balansında olan iki şirkət üçün yeni ofisin tikilməsinə 2021-ci ilin yerli büdcəsindən pul ayrılacaq. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbərinin sözlərinə görə, işlərin miqyasından irəli gələrək layihə çoxillik olacaq.

Print Email
FaceBook Twitter Google