İlahiyyatçı Kamran Məmmədov insanların vaksin olunmamasının səbəbini din deyil, məlumatsızlıq olduğunu düşünür
İlahiyyatçı Kamran Məmmədov koronavirusa qarşı vaksin vurdurmaq fikrini müsbət qarşılayır.

O, “Marneuli” radiosu ilə söhbəti zamanı İslam ölkələrində də peyvənd vurulduğunu və bunun normal addım olduğunu bildirdi. Onun sözlərinə görə, əksər ruhanilər insanların koronavirusa qarşı peyvənd olunmasını müsbət qarşılayırlar, ancaq bəzi ruhanilər buna qarşıdır. Əksər ruhanilərin əsas fikri vaksinlərin seçimində diqqətli olmaqdır. Onlar vaksinlərin tərkib və keyfiyyətinə görə insanları diqqətli olmağa çağırırlar.

“Avropada və başqa ölkələrdə istifadə olunan bəzi vaksinlər vurulduqdan sonra bir sıra fəsadlara səbəb oldu. Buna görə də bu kimi vaksinlərə qarşı baxış müsbət deyil. Amma ümumilikdə vaksin vurulmağına ruhanilərin çoxunun fikri müsbətdir. Dinimiz bu sahədə mütəxəssislər və həkimlərə güvənməyi və inanmağı tövsiyə edir. Bu sahənin söz sahibləri var. Buna görə də bizdən gözlənilən bu sahənin mütəxəssislərinə güvənməkdir.”


Məmmədov insanların vaksinlə bağlı məlumat azlığının olduğunu bildirdi. O, vaksinlərin tərkibi, hansı səbəbdən vurulduğu ilə bağlı insanlara geniş şəkildə məlumat verilməsinin lazım olduğunu qeyd etdi. İlahiyyatçı peyvənd olunmağı düşündüyünü desə də, konkret hansı vaksini seçəcəyini hələ ki, bilmir. Kamran Məmmədov peyvəndləmə prosesini müşahidə etdiyini, toplumun tələb etdiyi vaksin olarsa, həmin vaksinlə peyvənd olunacağını dedi. Kamran Məmmədov ruhanilərlə də bu mövzuda bir çox müzakirələr apardıqlarını bildirdi. O, insanların peyvənd olunacaqları təqdirdə bəzi məhdudiyyətlərin aradan qaldırılacağı ilə bağlı fikirlərin səsləndirildiyini də qeyd etdi. Məmmədov insanlarda məhz belə fikirlərə görə vaksinə qarşı müxtəlif düşüncələrin yarandığını söylədi. Buna görə də o, xüsusi olaraq vaksinlərlə bağlı geniş şəkildə məlumatlandırma prosesinin həyata keçirilməsini tövsiyə etdi.

Qeyd edək ki, Gürcüstanda peyvənd olunma prosesində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Marneulidə Çin vaksini "Sinopharm"-ın vurulması üçün bütün yerlər dolub. Gürcüstan 30 aprel tarixində 100 000 doza "Sinovak" və 100 800 ədəd şpris alıb. 18 yaşdan yuxarı olanlar booking.moh.gov.ge veb-səhifəsində qeydiyyatdan keçə bilərlər. Marneulidə "Sinopharm" peyvəndinin vurulması 5 may tarixindən 21 may tarixinə qədər planlaşdırılıb.

Vaksinlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.



Print