Xəbərlər
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi koronavirusa qarşı peyvənd olunmaq barədə danışdı
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov koronavirusa qarşı peyvənd olunmağın vacib olduğunu düşünür.
O, bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı məlumat verdi. İgidov bir neçə gün əvvəl vaksinlə bağlı Dini Məsələlər Üzrə Dövlət Agentliyində baş tutan görüş zamanı müzakirə apardıqlarını bildirdi.

Onun sözlərinə görə, ruhanilər arasına vaksinlə bağlı fikir ayrılıqları mövcuddur. Ruhanilərin bəziləri vaksin vurdurmağa ehtiyatla yanaşır.

Ramin İgidov buna səbəb olaraq sosial şəbəkələrdə vaksinlərlə bağlı bəzi yazıların paylaşılmasını göstərdi.

Onun sözlərinə görə, Acarıstanda yaşayan insanlar tərəfindən Çin vaksininə qarşı maraq böyükdür.

Ruhani qardaşlar və Acarıstanda yaşayan gürcü qardaşların hamısının bir fikri var idi ki, bəziləri vaksinə ehtiyatla yanaşırlar. Bununla bağlı sosial şəbəkələrdə bəzi qarayaxmalar oldu. Buna görə də bir az şübhə ilə yanaşırlar. Vaksinin “Pfizer” olsun, “Astrazeneca” olsun və ya digərləri – bunlarla bağlı da fikir ayrılıqları mövcuddur. Bizim Qərbi Gürcüstan Müftimiz orada qeyd etdi ki, bizim ruhanilərimiz düşünür ki, əgər Çinin vaksini olarsa, o zaman vurdurmağı düşünürlər. Buradan irəli gəlir ki, onların etimad etdiyi xüsusi dövlətlər var. Türkiyədəki din adamları ilə ruhanilərin əlaqələri olduğu üçün Türkiyədə əsasən Çin vaksini istifadə olunur deyə ona etimad göstərirlər.”

Ramin İgidov insanların vaksinin növləri və təsirləri ilə bağlı məlumat azlığının olduğunu qeyd etdi. O, Gürcüstanda peyvənd olunduqdan sonra həyatını itirən tibb bacısının həyatını itirmə səbəbini araşdırmadan, insanlarda “Astrazeneca”-ya qarşı güvənsizlik yarandığını bildirdi. İgidov Avropa ölkələrində “Astrazeneca”-dan imtina edilib, xüsusi araşdırmaların aparılmasının insanları qorxuya saldığını söylədi. Buna görə də o, insanları maarifləndirmə məsələləri üzərində ciddi şəkildə çalışmağın vacib olduğunu qeyd etdi.

İgidov peyvənd olunub-olunmayacağı barədə də danışdı. O, peyvənd vurdurmağın vacib olduğunu bildirdi. İgidov peyvənd olunmağa qarşı çıxmağı məlumatsızlıqla əlaqələndirdi. Onun sözlərinə görə, 1907-ci ildə də bu şəkildə peyvənd vurulması prosesi baş tutub. İgidov hələ ki, hansı vaksinlə peyvənd olunacağını bilmir, amma peyvənd olunmağı düşünür. O, Şeyx kimi ilk olaraq onların peyvənd prosesindən keçərək nümunə olmalarının vacibliyini vurğuladı.

Qeyd edək ki, Gürcüstanda peyvənd olunma prosesində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Marneulidə Çin vaksini "Sinopharm"-ın vurulması üçün bütün yerlər tutulub. Gürcüstan 30 aprel tarixində 100 000 doza "Sinovak" və 100 800 ədəd şpris alıb. 18 yaşdan yuxarı olanlar booking.moh.gov.ge veb-səhifəsində qeydiyyatdan keçə bilərlər. Marneulidə "Sinopharm" peyvəndinin vurulması 5 may tarixindən 21 may tarixinə qədər planlaşdırılıb.

Vaksinlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.



FaceBook Twitter Google