Bu gün, 13 may tarixində Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) dini rəhbərləri və
əməkdaşları ilə görüşüb.
Hökumət Administrasiyasının binasında keçirilən görüşdə Baş Nazir
öncə müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib, xoş
arzularını çatdırıb.
"Bu gün böyük bir bayram gündür. Çünki bu bayram xeyirxahlığı,
mərhəməti tərnnüm edir. Hamınızı böyük hörmət, sevgi və
səmimiyyətlə Ramazan bayram münasibətilə ürəkdən təbrik
edirəm”, – Qaribaşvili deyib.
Baş nazir həmçinin pandemiyaya görə müsəlman icması ilə sıx görüşə
bilmədiyindən təəssüfləndiyini, gələcəkdə mütəmadi olaraq yaxından
görüşəcəyini bildirib. Eyni zamanda ölkə vətəndaşlarının
Gürcüstanın rifahı, bütövlüyü və inkişafı yolunda əl-ələ verərək
xidmət göstərdiklərini söyləyib.
Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri hökumət
başçısına təbrik və xoş arzularına görə təşəkkür ediblər.
BGMİ-nin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müfti Hacı
Adəm Şantadze və Şərqi Gürcüstan üzrə müfti Hacı Etibar Eminov
dövlətin müsəlman icmasına göstərdikləri diqqət və dəstəyi yüksək
qiymətləndirdiklərini dilə gətirib, müsəlmanların dinlərini azad
şəkildə yaşadıqlarını vurğulayıblar.
Sonra ölkədə müsəlmanları dini zəmində narahat edən müəyyən
məsələləri, o cümlədən, ibadət yerinə ehtiyac olan bəzi yerlərdə
yeni məscidlərin tikilməsi üçün yerli özünüidarə orqanları
tərəfindən yaradılan süni maneələr, tarixi məscidlərin statusu və
abadlaşdırılmasına ehtiyacın olması, məscidlərin qeydiyyatı
sahəsindəki problemlərə toxunublar. Həmçinin Marneulidə dini təhsil
ocağı qəza vəziyyətində olduğundan onun yerində yenidən inşası
nəzərdə tutulan binanın tikilməsinə icazə verilməməsi, yüksək
səviyyədə dini təhsil mərkəzinə olan tələbat, BGMİ-nin özəl idarə
binasına olan ehtiyac, cəzaçəkmə müəssisələrində müsəlmanların
rahat ibadətlərini yerinə yetirmək və dini inanclarının yaşaması
yönündə müəyyən ehtiyaclarının təmini, müsəlman icmasına ayrılan
vəsaitin artırılması və digər məsələlər Baş nazirin nəzərinə
çatdırılıb.
Dini zəmində olan problemləri diqqətlə dinləyən hökumət başçısı
Dini Məsələlər üzrə Dövlət Agentliyinə yaxın zamanda bu məsələlərlə
maraqlanması və mərhələli şəkildə həll olunması yönündə öz
tapşırıqlarını verib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib, Baş nazirə ölkənin tarixi
yerlərini əks etdirən rəsm əsərləri hədiyyə edilib.