Daxili İşlər Nazirliyi Quşçu (Qaqi) qalasında quraşdırılmış xaça ziyan vurulması faktı ilə bağlı istintaqa başlayıb
Marneulidə Quşçu qalasında quraşdırılmış xaça ziyan vurublar. Bu barədə Marneuli və Hucabi Yeparxiyası “Facebook” səhifəsində məlumat yayımlayıb.

Yeparxiya xaça ziyan vurulmasını xristianlığa qarşı və vandalizm kimi dəyərləndirib.

“Görünür, belə təxribatlarla regionda dini zəmində nifaq yaratmaq istəyirlər. Bu bütün hədləri aşır və bizim dinimiz, dövlətimiz qarşısında törədilmiş ən böyük cinayətdir”,
– Marneuli və Hucabi Yeparxiyasının bəyanatında deyilir.

Quşçu qalasında quraşdırılmış xaça artıq ikinci dəfədir ziyan vururlar. 2021-ci ilin əvvəlində qaladan xaçı oğurlamışdılar. DİN bununla bağlı oğurluq maddəsi ilə istintaq aparırdı.

Din xadimləri ziyan vurulmuş xaçı 13 may tarixində çıxarıb. Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) həmin xaçı Quşçu qalasında 27 yanvar tarixində, bayram əhval-ruhiyyəsi ilə ucaltmışdı.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə əşyaya ziyan vurma, yaxud onu məhv etməni nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google