Xəbərlər
Marneulili siyasətçilər partiya siyahısına qadınları daxil etməyə hazırlaşırlarmı
Gürcüstan Seçki Məcəlləsinə yerli özünüidarə seçkilərində gender kvotası sistemində dəyişikliklər edilməsi planlaşdırılır. Bu gün, 24 iyun tarixində, Gürcüstan Parlamenti plenar iclasda, ikinci dinləmədə dəyişikliklər paketini müzakirə edəcək.

Dəyişikliklərə görə, yaxınlaşan yerli özünüidarə seçkilərində proporsional siyahılarada hər üçüncü şəxs fərqli cinsin nümayəndəsi olmalıdır. İndiyə kimi seçki məcəlləsinə görə, 2028-ci ilə qədər keçiriləcək yerli özünüidarə seçkilərində proporsional siyahılarda hər ikinci namizəd fərqli cinsin nümayəndəsi olmalı idi.

Marneulidə fəaliyyət göstərən siyasi partiyaların bir qismi 2021-ci ilin yerli özünüidarə seçkiləri ilə bağlı artıq işləməyə başlayıb. Ancaq seçki məcəlləsində aparılan dəyişiklikləri də gözləyirlər.

“Artıq işləməyə başlamışıq, ancaq biz hələ qanun dəyişikliyini gözləyirik. Maraqlıdır hansı icmalar, hansı kəndlər bir majoritar dairədə birləşəcək və buradan irəli gələrək, biz artıq hansı icmada kimin namizəd olacağını biləcəyik. “Gürcü Arzusu”-na heç bir məsələdə etimad etmirik. Onlar əvvəldən dedilər ki, partiya siyahısımda hər ikinci şəxs qadın nümayəndə olmalıdır, ancaq bu gün komitələrdə artıq görürük ki, başqa fikir  irəli yürüdülür. Hər üçüncü şəxsin qadın nümayəndə olmasından söhbət gedir. Buradan irəli gələrək biz də gözləyirik ki, baxaq proporsional siyahımızı necə tərtib edəcəyik”,
– “Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev bildirdi.

İmamquliyevin bildirdiyinə görə, o, ümumiyyətlə, kvota qanunlayihəsi ilə razılaşmır. Çünki hesab edir ki, vətəndaşları siyasi prosesə süni şəkildə qoşmaq olmaz. O, qeyd edir ki, əgər qadının siyasi fəaliyyətə qoşulma istəyi varsa, o zaman ona imkan yaradılmalıdır. Ancaq partiyaların qadın namizədləri güclə, siyahıya yazmaq məqsədi ilə təqdim etməsi məcburi deyil. İmamquliyevin sözlərinə görə, o, artıq fəal qadınlar axtarır ki, “Avropalı Gürcüstan”ın adından seçkilərdə iştirak etməsini təklif etsin. Ancaq eyni zamanda qeyd edir ki, Marneulidə kişi, yaxud qadın fəal və siyasi baxımdan motivasiyalı namizədlərin tapılması çətindir.

“Avropalı Gürcüstan” kimi “Vahid Milli Hərəkat” da yerli özünüidarə seçkilərinə hazırlaşmağa başlayıb. VMH-ın Marneuli rayon təşkilatının sədri Aqil Mustafayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, partiya siyahısı yalnız kvota qanununa riayət etmək üçün tərtib olunmayacaq və siyahıya fəal dəyişikliklər üçün mübarizə aparacaq qadınlar daxil ediləcək.

“Bu baxımdan biz artıq uzun zamandır işləyirik. Məsləhətləşəmələr apardığımız qadınlar var. Həmin adamlar yaxın gələcəkdə ictimaiyyətə təqdim olunacaq. Kvotanın bir müsbət tərəfi var ki, daha çox qadın siyasətlə maraqlanacaq. Siyasi partiyalar da siyahılara qadınları daxil etməyə məcbur olacaq. Ancaq biz bunu yalnız kvota üçün etmirik. “Gürcü Arzusu” etdiyini şəxsi maraqları üçün edir. Yəqin rayonlarda çox sayda fəal qadınları yoxdur və onları tapmaqda çətinlik çəkirlər. Məhz buna görə qanunda dəyişiklik etməyə qərar veriblər”, –
Aqil Mustafayev bildirdi.

“Marneuli” radiosu Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze ilə danışmağa cəhd etdi ki, “Gürcü Arzusu”nun Marneulidə yerli özünüidarə seçkiləri ilə bağlı fəaliyyətə başlayıb-başlamadığını və seçki məcəlləsində ediləcək dəyişikliklərlə bağlı nə düşündüyünü aydınlaşdırsın. Ancaq Qiorqadze bizim zənglərimizə cavab vermir.

Qeyd etmək lazımdır ki, kvota sistemində dəyişikliklərin edilməsi ilə bağlı məlumat 22 iyun tarixində, Parlamentin Hüquqi Məsələlər Komitəsinin iclasında verilib.

FaceBook Twitter Google