Qaraçöp kəndində “Qaraçöp İcma Mərkəzi” fəaliyyətə başlayır. Mərkəz
heç bir maddi dəstək olmadan kəndin könüllü fəal gəncləri
tərəfindən təsis olunub.
QİM-in yaranmasının səbəbi icmadakı təhsilə olan marağın,
inteqrasiyanın və icmanın səsinin daha böyük kütləyə
çatdırılmasıdır. Jurnalist Tozu Gülmmmədova QİM-in təsisçilərindən
biridir. O, “Marneuli” radiosu ilə söhbəti zamanı mərkəzlə bağlı
məlumat verdi. Onun sözlərinə görə, mərkəzdə gənclərin özlərini
inkişaf etdirmələri üçün bir sıra fəaliyyətlər həyata
keçiriləcək.
“Mərkəzdə gənclərin özünün inkişaf etdirməsi üçün
müxtəlif layihələr həyata keçiriləcək. Bu mərhələdə gürcü dili
danışıq kursu, musiqi alətlərində ifa kursları, özünüinkişaf
təlimləri və kitab oxumaqla bağlı tədbirlərimiz var. Bundan başqa
ümumi icma əhalisinə maraqlı olan tədbirlər keçirməyi planlayırıq,
kəndin tanınmış aşıqları, sənətkarlarının xatirəsinə həsr olunmuş
tədbirlər və s.”
Gülməmmədova İcma mərkəzi ilə bağlı məlumatı “Facebook”-da ötən gün
paylaşdıqlarına baxmayaraq, artıq bir çox gəncin mərkəzə maraq
göstərdiyini deyir. O, üzv olmaq üçün gənclərin onlara müraciət
etdiklərini bildirdi. Tozu deyir ki, iki ay əvvəl Qaraçöpdə
araşdırma apararaq gənclərin ehtiyacları, mərkəzdə hansı
yeniliklərin olmasını istədikləri ilə bağlı məlumat
toplayıblar.
Təsisçi mərkəzin açılmasının vacibliyindən də söhbət açdı.
“Mərkəzin yaranması bizim üçün çox vacib idi çünki gənclərin
məktəbdən başqa özlərini inkişaf etdirəcək imkanları yox idi. Bu
mərkəz hər kəsə, hər ideyaya açıq mərkəzdir.”
Qeyd edək ki, “QİM” Qaraçöpdə təsis edilən ilk icma mərkəzidir.