“Gürcü Arzusu”-nun Marneuli meri vəzifəsinə namizədi hələ mediaya müsahibə vermir
Bu gün, 29 iyul tarixində, “Gürcü Arzusu” Marneuli meri vəzifəsinə namizəd olaraq Kənan Ömərovu təqdim edib. “Marneuli” radiosu mer vəzifəsinə namizədlə müsahibə yazmaq və onun hansı planlarının olduğu barədə məlumat almaq üçün partiyanın qərargahına getdi. Ancaq Kənan Ömərov indiki mərhələdə müsahibə verməkdən imtina etdi və vəd verdi ki, növbəti günlərdə mütləq gələcək planları barədə danışacaq.

Marneuli Bələdiyyə Məclisinin sədri və “Gürcü Arzusu”-nun Marneuli seçki qərargahının rəhbəri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Kənan Ömərov partiyada namizədliyi müzakirə olunan yeganə şəxs idi.

“Bilirsiniz ki, təxminən iki aydan sonra – 2 oktyabr tarixində yerli özünüidarə seçkiləri keçiriləcək. “Gürcü Arzusu” Marneuli bələdiyyəsində mer vəzifəsinə namizəd olaraq cənab Kənan Ömərovu təqdim etdi. Kənan illər ərzində Təhsil Resurs Mərkəzinin rəhbəri olub, tanınmış simadır və bilirik ki, bizim əhali onu çox dəstəkləyəcək. Buradan irəli gələrək, Marneuli meri vəzifəsinə namizəd olaraq seçim onun üzərində dayandı”, – Amiran Qiorqadze bildirdi.

Kənan Ömərov Marneuli merinin müavinidir. O, müavinliyə qədər Marneuli Təhsil Resurs Mərkəzinə rəhbərlik edirdi.

Print Email
FaceBook Twitter Google