Marneulili mülki fəal Samirə Bayramova “Gürcü Arzusu”-nun Marneuli
meri vəzifəsinə namizəd olaraq Kənan Ömərovu təqdim etməsinə
münasibət bildirib.
Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Ömərovun mer vəzifəsinə namizəd elan etməklə “Gürcü Arzusu” bir
daha göstərdi ki, insan resursu çatışmazlığından əziyyət
çəkirlər.
“Biz Kənanı uzun zamandır – təhsil sahəsində, eləcə də
merin müavini olanda da tənqid edirdik. Onun fəaliyyətinə qarşı
müsbət yanaşmırıq. Bilirik ki, “Gürcü Arzusu”-nun regionlarda
namizədliyini təqdim edəcəyi adamı qalmayıb. “Gürcü Arzusu”-nun
yeni fiqurları yoxdur. Ümumilikdə, 2-3 nəfərdir ki, gah deputat,
gah mer müavini, gah da ki, Resurs Mərkəzin rəhbəri təyin
olunurlar. Bu onların namizəd çatışmazlığı problemi olması
deməkdir”, – Samirə Bayramova bildirdi.
Bayramovanın sözlərinə görə, iqtidar partiyası Gürcüstan miqyasında
seçkilərdə təhsil sektorundan resurs olaraq istifadə edir. Nəzərə
alsaq ki, Kənan Ömərov illər ərzində Resurs Mərkəzin rəhbəri olub,
o, partiya üçün səs toplaya biləcək.
“Onun keçmiş vəzifəsindən irəli gələrək, məktəblər
seçki prosesinə fəal şəkildə qoşulacaq. Əvvəl də belə idilər, ancaq
indi ikiqat qoşulacaqlar. Çünki onların keçmiş rəhbəri indi şəhər
meri ola bilər. Ömərovun mer olması onun kölgəsi altında olan
direktor və müəllimlər üçün uzun zaman kölgə altında, məktəb
direktoru səlahiyyətlərini icra edən şəxs və s. olaraq
qalacaqlarına zəmanətdir. Kənan Ömərov güc zoruna səs toplayacaq
namizəddir”, – Samirə Bayramova bildirdi.
“Gürcü Arzusu” bu gün, 29 iyul tarixində Marneuli meri vəzifəsinə
namizəd olaraq Kənan Ömərovu təqdim edib. Gürcüstanda yerli
özünüidarə seçkiləri 2 oktyabr tarixində baş tutacaq.