Bu gün, 14 sentyabr tarixində, Marneulidə “Gürcü Arzusu”-nun mer
vəzifəsinə namizədi Kənan Ömərov Algetidə əhali ilə seçkiqabağı
görüş keçirib. Görüş barədə “Marneuli” radiosuna yerli sakinlərdən
biri məlumat verdi.
Əhali ilə keçirilmiş görüşdən sonra “Marneuli” radiosu mer
vəzifəsinə namizəddən Algeti sakinlərinə hansı əsas məsələlərin
həllini vəd etdiyi ilə bağlı müsahibə almağa cəhd etdi. Ancaq o,
bizə müsahibə vermək istəmədi və təklif etdi ki, onun əvəzinə
Marneulinin keçmiş meri, indi artıq majoritar deputat olan Zaur
Darğallıdan müsahibə alaq.
“Qeyd etmək istəyirəm ki, əhali ilə görüşlərə davam edirik və bütün
görüşlərdə əhalinin dəstəyini hiss edirik, bu bizim üçün mühümdür.
Demək istəyirəm ki, Algeti ərazi vahidliyində çox mühüm layihə
həyata keçirildi, hazırda da aparılır və biz əhali ilə fəal şəkildə
ünsiyyət qurmağa davam edirik. Burada əhalini hər yay narahat edən
əsas problem suvarma suyu məsələsidir və bizim namizədimiz də
bildirir ki, xüsusi ilə suvarma suyu probleminin həllinə diqqət
yetiriləcək”, – Zaur Darğallı bildirdi.
“Marneuli” radiosu Marneuli meri vəzifəsinə namizəd Kənan Ömərovla
artıq bir neçə həftədir ünsiyyət qurmağa çalışsa da, o, bizimlə
söhbətdən imtina edir. Ömərov “Marneuli” radiosuna yalnız yazılı
şəkildə müsahibə verməyə üstünlük verdi və bu halda bizim ona əlavə
suallar vermək imkanımız olmur.
Qeyd edək ki, Kənan Ömərov əslən Alegti ərazi vahidliyindəndir.
Kənan Ömərov haqqında:
Kənan Ömərov 1983-cü ilin 26 iyul tarixində Marneuli bələdiyyəsində
anadan olub. Marneuli 8 saylı ictimai məktəbini bitirib.
2000-2005-ci illərdə Azərbaycan Respublikasının Polis
Akademiyasında təhsil alıb. İxtisasca hüquqşünasdır, ali
kvalifikasiyası var. Vətənə qayıtdıqdan sonra, 2006-cı ildə Kutaisi
Zurab Jvania adına Dövlət Administrasiya Məktəbində təhsilini davam
etdirib.
2006-2011-ci illərdə Marneuli bələdiyyəsinin Təhsil Resurs
Mərkəzində, 2011-2012-ci illərdə Təhsil Keyfiyyətinin İnkişafı
Milli Mərkəzində hüquqşünas vəzifəsində işləyib. 2013-cü ildə
Marneuli Təhsil Resurs Mərkəzinə qayıdıb və 2016-cı ilə qədər
müxtəlif vəzifələrdə işləyib. 2016-2021-ci illərdə mərkəzə
rəhbərlik edib. Azərbaycan, gürcü, rus və ingilis dillərini
bilir.