Dmanisinin İpnari (Kirov) kənd sakini C.Ə-nin cəsədi bu gün, 21
sentyabr tarixində Marneulidə, Algeti çayının sahilində tapılıb.
29 yaşlı gəncin ölümü ilə bağlı İpnari kəndinin icra nümayəndəsi
Nəriman Süleymanov “Marneuli” radiosuna məlumat verdi. O, hazırda
mərhumun ailə üzvləri ilə görüşdüyünü bildirdi.
Süleymanov C.Ə-nin Dmanisi-Qızılhacılı-Marneuli xətti üzrə
mikroavtobus sürücüsü olduğunu bildirdi. Onun sözlərinə görə,
mərhum 3 gün əvvəl anası ilə Marneuliyə yollanıb. Daha sonra isə
anası ondan heç bir xəbər ala bilməyib.
“Anasının sözlərinə görə, oğluna ən son 1:33-də zəng
çatıb. Daha sonra isə telefon bağlanıb və oğlu ilə bir də əlaqə
saxlaya bilməyib.”
Anası və qohumları 3 gün C.Ə-ni axtarıblar. Lakin onu tapmaq mümkün
olmayıb. Bu gün isə davam edən axtarış nəticəsində C.Ə-nin cansız
bədəni Algeti çayının sahilindən tapılıb.
Nəriman Süleymanov mərhum şəxsin heç bir düşməninin olmadığını və
ailədə anası və nənəsi ilə birlikdə yaşadıqlarını qeyd etdi.
Süleymanov hazırda C.Ə-nin hansı səbəbdən qətlə yetirildiyinin
məlum olmadığını söylədi.
“DİN”-dən verilən məlumata görə, C.Ə-nin ölüm faktı ilə bağlı 3
nəfər həbs edilib. Qətli törətməkdə ittiham olunan O.T. və O.Q.-nı
7 ildən 17 ilədək, hadisənin şahidi olmuş, ancaq polisə məlumat
verməyən S.A.-nı isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.