Vahid Milli Hərəkatın üzvü Laşa Kveladze bildirdi ki, ötən gün, 30
sentyabr tarixində, “Gürcü Arzusu”-nun Sadaxlıdan majoritar
deputatlığa namizəd Rövşən İsgəndərov və daha 30 nəfər ona,
“VMH”-ın bir neçə üzvünə hücum edərək onları təhqir ediblər.
“Mənim mövqeyim həqiqətdir və bunu mənim yanımda olanlar da təsdiq
edə bilərlər. Rövşən İsgəndərov içkili vəziyyətdə idi, öz X6
markalı avtomobili ilə Dəmyə Görarxıya dalımızca gəldi və etiraz
edirdi ki, niyə yazılar yazırdıq. “Mişa gəlir” yazısı yazırdıq.
Yazdığımıza görə etiraz edirdi, mən ona izah etdim ki, əgər qanunu
pozuruqsa, müvafiq orqanlara müraciət etsin. Ancaq o, bunu lazım
hesab etmədi. Eləcə də dedi ki, mən Sadaxlıya ayaq basa
bilməyəcəyəm”, – Laşa Kveladze.
30 sentyabr tarixində, axşam, Laşa Kveladze hücum faktı ilə bağlı
ərizə vermək üçün Marneuli Polis Şöbəsinə gedib. Ancaq polislər ona
bildiriblər ki, ona qarşı iş qaldırılıb. Çünki İsgəndərov polisə
Kveladzedən əvvəl müraciət edib.
“Rövşən ərizə verib ki, guya mən onu təhqir etmişəm. Mən onu təhqir
edə bilməzdim. Çünki biz üç nəfər, onlar isə 30-a yaxın idilər. Mən
onun xəsarət almasını istisna etmirəm, çünki hücum zamanı özümü
müdafiə etmək məqsədi ilə əllərimi
işlədirdim.”
“Milli Hərəkat”-dan fərqli olaraq “Gürcü Arzusu”-ndan bildirirlər
ki, Laşa Kveladze Sadaxlının majoirtar deputatlığa namizədinə hücum
edib və onu döyüb. Rövşən İsgəndərov xəstəxanadan bu gün, 1 oktyabr
tarixində buraxılıb. “Geo Hospitals”-ın rəhbəri İoseb Mqaloblişvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İsgəndərov
cərrahi müdaxilədən imtina edib və onun vəziyyəti
qənaətbəxşdir.
Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılığı
nəzərdə tutan 126-cı maddəsi ilə istintaq aparılır.