Bələdiyyə Məclisinin “Gürcü Arzusu”-ndan Sadaxlı ərazi vahidliyi
üzrə majoritar deputatı Rövşən İsgəndərov “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, 30 sentyabr tarixində baş vermiş
qarşıdurmadan sonra cərrahi müdaxiləyə ehtiyac yaranıb.
“İndi İnqoroğva klinikasında yatıram. Əməliyyat olunmuşam və özümü
pis hiss edirəm”, – Rövşən İsgəndərov bildirdi.
İsgəndərov 3 oktyabr tarixində, üz nahiyəsində sümük sınıqlarına
görə əməliyyat olunub. O, xəstəxanadan, güman ki, bu gün, 6 oktyabr
tarixində evə buraxılacaq.
İsgəndərov 30 sentyabr tarixində Marneuli “Geo Hospitals”
klinikasına yerləşdirilmişdi. Klinikanın rəhbəri “Marneuli” radiosu
ilə söhbəti zamanı İsgəndərovun üz nahiyəsindən xəsarət aldığını
bildirmişdi. Ancaq 1 oktyabr tarixində, öz istəyi ilə klinikadan
çıxıb. İsgəndərov 1 oktyabr tarixində, “Marneuli” radiosuna
bildirmişdi ki, seçkilər başa çatdıqdan sonra əməliyyat
olunacaq.
30 sentyabr tarixində, Rövşən İsgəndərov və Laşa Kveladze arasında
insident baş vermişdi. Bələdiyyə Məclisinin “Gürcü Arzusu”-ndan
majoritar deputatı bildirmişdi ki, VMH-ın üzvü Laşa Kveladze ona
hücum edib və onu döyüblər. Laşa Kveladze isə bildirir ki, Rövşən
İsgəndərov və tərəfdaşları – təxminən 30 nəfərə yaxın adam ona
hücum edib.
“Rövşən İsgəndərov qorxur ki, özü qanun qarşısında qalsın. Çünki
mənə hücumu özü təşkil etmişdi və nələrisə uydurur. Guya vəziyyəti
pis idi, guya seçicilərin yanında idi və mən ona hücum etmişəm.
Hücum isə Dəmyə-Görarxıda baş verib və ora heç onun majoritar
dairəsi də deyil. Qorxur ki, nələrə görə isə cavab verməli olsun və
uydurur. Heç bir ciddi xəsarət almayıb”, – Laşa
Kveladze bildirdi.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu 30 sentyabr tarixində baş
vermiş qarşıdurma ilə bağlı Laşa Kveladzeni ittiham edib. Ona qarşı
Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi
ilə (sağlamlığa qismən ağır ziyan vurmaq) ittiham irəli sürülüb.
Həmin maddəyə görə bir ildən üç ilə qədər həbs cəzası nəzərdə
tutulur.
“Vahid Milli Hərəkat”-ın üzvünün ilkin məhkəmə prosesi 5 oktyabr
tarixində keçirilib. O, 4000 lari girov qarşılığında məhkəmə
zalından azadlığa buraxılıb.