“Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneulidə iki seçki
məntəqəsinin nəticələrinin ləğvini tələb edir və bildirir ki,
Gürcüstan miqyasında seçki zamanı ən çox problem Marneulidə
olub.
“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın hüquqşünası Qiqi Çixladze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ən ağır
pozuntular Marneuli dairəsində qeydə alınırdı və təşkilatın
müşahidəçilərinə şəxsi vəzifələrini yerinə yetirməyə də ən çox
Marneuli dairəsində mane olublar.
“Dairə Seçki Komissiyasından Marneulinin iki
məntəqəsinin nəticələrinin ləğvini tələb edirik. Ancaq onu da qeyd
edim ki, Dairə Seçki Komissiyasında iclasların bir qismi dünən
keçirildi və hesab edirik ki, onların bizim şikayətlərə verdiyi
cavablar müvafiq deyil. Onlar problemləri etiraf etmirlər,
dəlillərə göz yumurlar. Müvafiq olaraq şikayətləri, şikayətdə qeyd
olunmuş arqumentləri və dəlilləri müzakirə etmirlər. Daha
təfərrüatlı desəm, bizim əsas iki məntəqədə problemlərimiz var idi,
ola bilsin, çox məntəqələrdə problem ola bilərdi. Ancaq bizim başqa
yerdə müşahidəçimiz yox idi. Bu Marneulinin 7 və 13 saylı
məntəqələri idi. Çox problem var idi. Ancaq bu məntəqələrdə əsas
problem bu idi ki, adamlar bir dəfədən artıq səs verirdilər. Bəzi
hallarda bütün nəzarətlərdən kənar içəri daxil olur və bir neçə
dəfə səs verirdilər. Bunu isə bizim müşahidəçilər qeydə
alıb.”
Qiqi Çixladzenin sözlərinə görə, “Beynəlxalq Şəffaflıq
Gürcüstan”-ın müşahidəçisi seçki günü məntəqələrdə işləməkdə
çətinlik çəkirmişlər. Çünki komissiya üzvləri onlara qarşı düşmən
münasibəti bəsləyirmişlər. 7 və 13 saylı məntəqədə təşkilatın
nümayəndələri polis də çağırıb və bir neçə komissiya üzvünə qarşı
nizam-intizam öhdəliyi məsələsi də qoyulub. Ancaq Çixladze bildirdi
ki, şikayətlərinin təmin olunacağını gözləmir.
“Dairə Komissiyası dəlillərin olmasına baxmayaraq, 7
saylı məntəqənin şikayətini artıq müzakirə edib və təmin etməyib.
Təəssüf ki, digər şikayətləri də həmin dairə komissiyası müzakirə
edəcək və bunu nəzərə alaraq, həmçinin, ötən illərin təcrübəsi də
bizə optimist olmağa əsas vermir. Buna görə də, bizim şikayətimizin
yenidən qeyri-müvafiq şəkildə müzakirəsini və təmin edilməyəcəyini
düşünürük.”
“Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneuli Dairə Seçki Komissiyası
tərəfindən onların tələblərinin təmin edilməməsi halında qərarı
məhkəməyə şikayət etməyi düşünür.
Təşkilatın hüquqşünası bildirdi ki, əksər hallarda seçki
komissiyasının üzvləri onların müşahidəçilərinə pozuntuları qeydə
almaqda mane olurmuş və onlara qarşı aqressiv əhval ruhiyədə
idilər. Foto/video çəkilişinə və müraciətlərin şikayət kitabçasında
qeyd olunmasına imkan vermirmişlər.