Marneulidə koronavirusa görə bir məktəb bağlanıb
Marneuli bələdiyyəsinin ictimai məktəblərində koronavirus halları artıb.

18 oktyabr tarixinə olan statistikaya görə, Lejbəddin kənd ictimai məktəbi bağlanıb və distant rejimə keçib. Marneuli bələdiyyəsinin daha üç məktəbinin bəzi sinifləri də onlayn rejimə keçib. Yerli Təhsil Resurs Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, Lejbəddin məktəbində yoluxma riski olduqca yüksək idi və məhz buna görə, qərar veriblər ki, 166 şagird və 34 nəfər heyət üzvü tamamilə distant rejimə keçirilsin.

“Yoluxanlar demək olar ki, bütün məktəblə təmasda olmuşdular. Direktor, işləri aparan şəxslər, məktəblə tez-tez əlaqəsi olan adamlar. Ümumilikdə dörd müəllimdir. Yerli İctimai Səhiyyə Mərkəzi belə tövsiyə verdi ki, 12 gün ərzində bütün məktəb distant rejimə keçirilsin. Beş, altı saylı və Tsereteli ictimai məktəbində də koronavirusa yoluxma halları qeydə alınıb. Beş saylı ictimai məktəbdə iki müxtəlif sinfin şagirdləri yoluxub. Tseretelidə isə müəllim, altı saylı məktəbdə də müəllimlər yoluxub”,
– Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bildirdi.

Marneuli bələdiyyəsi miqyasında fəaliyyət göstərən 74 ictimai məktəbdə 4 oktyabr tarixində tədris ili sinif otaqlarında başladı. Yeni tənzimləmələrə görə, məktəbdə hamı maska taxmalıdır.

Təhsil və Elm Nazirliyi valideynlərə distant təhsil qaydasını seçmək şəraiti də yaradıb. Risk qrupda olan müəllimlər isə istədikləri halda dərsi distant qaydada keçə bilərlər.

Print Email
FaceBook Twitter Google