Marneulinin 22 saylı Dairə Seçki Komissiyası yerli özünüidarə
seçkilərinin yekun protokollarını tərtib edib.
Komissiya sədri Ani İluridze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, hər üç protokolu qanuna uyğun müddətdə
hazırlayıblar.
Yerli özünüidarə seçkilərində üç növ yekun protokol – proporsional,
majoritar və mer seçkilərinin protokolları tərtib edilib.
“Bildiyiniz kimi, üç namizədimiz var idi, 2, 5 və 41.
“Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov səslərin 68,12%-i toplayıb
və mer seçilib. Bələdiyyə Məclisində, ümumilikdə, 33 deputat
olacaq. Onlardan 22 proporsional siyahı, 11 isə majoritar siyahı
ilə seçilib. 11 majoritar dairədə “Gürcü Arzusu”-nun namizədləri
qalib gəlib. Proporsional siyahıya əsasən Bələdiyyə Məclisinin 6
üzvü “Vahid Milli Hərəkat”-dan, 16 üzvü isə “Gürcü
Arzusu"-ndan olacaqlar. Digər partiyalar isə 3%-lik keçidi
aşmayıblar.”
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədrinin sözlərinə
görə, Marneuli miqyasında yalnız iki daşınan qutu etibarsız hesab
edilib. Komissiya 65 və 68 saylı məntəqələrdə daşınan qutunu
etibarsız hesab edib. Çünki həmin qutuların bütövlüyü
pozulubmuş.
“Demək istəyirəm ki, seçkilər sakit keçdi. Mühüm hadisələr olmadı.
Hansısa problem olduğu halda komissiya üzvləri ilə birlikdə hadisə
yerinə gedirdik və müvafiq olaraq problemlər yerindəcə həll
olunurdu”, – Ani İluridze bildirdi.
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədrindən fərqli
olaraq, “Beynəlxalq Şəffaflıq Gürcüstan” Marneulidə keçirilmiş
seçkiləri mənfi qiymətləndirir və bildirir ki, bütün ölkə
miqyasında seçki günü ən çox problem Marneulidə qeydə alınıb.
Gürcüstan qanunvericiliyinə əsasən, Marneulinin yeni seçilmiş meri
Kənan Ömərov seçki komissiyası yekun protokolunu elan etdikdən
sonra 11-ci gün səlahiyyətlərini icra etməyə başlamalıdır. Marneuli
Dairə Seçki Komissiyası yekun protokolları 16 oktyabr tarixində
tərtib edib. Müvafiq olaraq, Ömərov 27 oktyabra qədər
səlahiyyətlərin icrasına başlamalıdır. Yeni təşkil edilmiş
Bələdiyyə Məclisi isə Mərkəzi Seçki Komissiyasınının yekun
protokolunun yayımlanmasından 30 gün ərzində fəaliyyətə
başlamalıdır.