“Peyvənd marafonu” çərçivəsində Marneulinin iki kəndində 38 nəfər peyvənd olunub
“Peyvənd marafonu” çərçivəsində Marneulinin iki kəndində, Tsereteli və Tamarisidə 38 nəfər koronavirusa qarşı peyvənd vurdurub.

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, Tsereteli kəndində ümumilikdə 12, Tamarisidə isə 26 nəfər peyvənd vurdurub.
Marneuli bələdiyyəsi “Peyvənd marafonu”-na 20 oktyabr tarixində qoşulub. Həmin gün Tsereteli ambulatoriyasında Marneuli meri səlahiyyətlərini icra edən Zaur Tabatadze də peyvənd olunub.

“Bugünkü göstəricilərdən irəli gələrək, həyatımızı xilas etməyin yeganə çıxış yolu peyvənddir. Ona görə, peyvənd və maska taxmaq mütləqdir. Gürcüstan əhalisi çoxsaylı deyil, ona görə də hər kəsin itirdiyi həyat ölkə üçün itkidir. Marafon çərçivəsində kəndlərə səfər planlaşdırılır. Sadaxlı və Opretiyə səfər ediləcək. Həmin kəndlərdə əhalinin peyvənd olunması üçün mərkəzə gətirilməsi çox çətindir. Əgər lazım gələrsə, meriya peyvənd vurdurmaq istəyənlərin məntəqəyə qədər gətirilməsi üçün nəqliyyat təşkil edə bilər”,
– Zaur Tabatadze bildirdi.

İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, sonradan “peyvənd marafonuna” Sadaxlı kəndi də qoşulacaq. Ancaq nə zaman qoşulacağı hələ ki, məlum deyil.

18 oktyabr tarixindən Gürcüstanın böyük kəndlərində, 3 mindən artıq əhali yaşayan kəndlərdə “Peyvənd marafonuna” başlanılıb. Bu proses müxtəlif regionlarda 50-yə yaxın kəndi əhatə edir. Marafonun məqsədi yenidən pisləşmiş epidemioloji vəziyyətdə peyvənd göstəricilərini artırmaqdır. Marneuli bələdiyyəsində son dövrdə peyvənd vurduranların sayı 50% azalıb.


Print Email
FaceBook Twitter Google