22 gündür Marneuli uşaq bağçalarında heç bir ət yeməyi hazırlanmayıb
Marneuli Uşaq Bağçaları Birliyi sədrinin rəhbərinin sözlərinə görə, bağçalara ət alınması üçün müqavilə artıq bağlanıb. Şirkət məhsulu bu gün və ya sabah təqdim edəcək.

Marneuli bağçalarında artıq bir neçə həftədir ət yoxdur. Ancaq menyuda qeyd olunub. Marneulili valideyn, Nona Samxaradze 13 oktyabrda, “Facebook”-da paylaşım etmişdi və valideynlər ona şəxsi mesaj vasitəsilə bağçalarda qeyri-müvafiq qida rasionu barədə yazmışdılar. Hirslənmiş valideyn yardım məqsədilə hüquq müdafiə təşkilatı nümayəndələrinə müraciət edib.

Bu problemlə bağlı bağça müəllimləri də “Marneuli” radiosuna müraciət ediblər. Onlar bildirirlər ki, bağça menyusunda ət qeyd olunub, ancaq real olaraq uşaqlara ət verilmir.

14 oktyabr tarixində, Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bağçalara təcili surətdə,18 oktyabr tarixində ət veriləcək. Ancaq bağçalara hələ də ət verilməyib.

Marneuli Uşaq Bağçaları Birliyi 22 oktyabr tarixində sadələşdirilmiş müqavilə bağlayıb. Müqaviləyə əsasən, birlik ət almaq üçün 15 312 lari ödəyəcək.

Zaur Kərəmovun sözlərinə görə, bağçalara 26-27 oktyabr tarixində ət veriləcək.

Print Email
FaceBook Twitter Google